Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin payız sessiyasının qanunvericilik işlər planına yeni qanun layihələri daxil edilib.
Modern.az xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
Qeyd edilib ki, sessiya ərzində büdcə zərfinə daxil olan qanun layihələrinin hazırlanması, “Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları haqqında qanun layihələri, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununun layihəsi və digər qanun layihələrinin müzakirəsi cari iş planında nəzərdə tutulub.
Rəqabət Məcəlləsinin də komitənin iş planına daxil olunması gözlənilsə də, layihənin siyahıda yer almaması suallara səbəb olub. Komitə sədri Tahir Mirkişili isə qeyd edib ki, Məcəllənin layihəsi iş planında olmasa da, payız sessiyasında Milli Məclisə daxil olacaq.
İclasda komitənin aidiyyəti dövlət qurumları ilə, sahibkarlarla, qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşlərin, müxtəlif mövzuları əhatə edən ictimai dinləmələrin keçirilməsinə davam etdirilməsi qərara alınıb. Eyni zamanda, sahibkarlarla yerlərdə görüşlərin keçirilməsi, təklif və şikayətlərinin dinlənilməsi, daxil olan müraciətlərin təhlili və ümumiləşdirilməsi kimi məsələlər iş planında qeyd olunub.