Modern.az

“Azərbaycanın Şərqlə Qərb arasında bağlantıdakı mövqeyi daha da güclənir” - Əli Hüseynli

“Azərbaycanın Şərqlə Qərb arasında bağlantıdakı mövqeyi daha da güclənir” - Əli Hüseynli

Parlament

21 Sentyabr 2022, 15:44

“Zəngəzur dəhlizi bütün ölkələr üçün əlverişlidir” 

 

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

- Bildiyimiz kimi, sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclası keçirilib. Sizcə, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki zirvə görüşü Zəngəzur dəhlizinin açılması üçün region dövlətlərinin fikir birliyini yaratmaq baxımından ümidvericidirmi? 

 

- Əvvəla, onu qeyd edək ki, 2001-ci ildə təsis olunmuş bu təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, bütün sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Nəzərə alsaq ki, müxtəlif statuslarla bu qurumun fəaliyyəində Çin, Rusiya, Türkiyə, Pakistan, Hindistan, İran kimi geosiyasi proseslərə təsir imkanları olan nəhəng dövlətlər iştirak edirlər, o zaman Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verən Azərbaycan Respublikasının bölgədəki əhəmiyyəti daha da artmış olacaq. Bu baxımdan hər kəs anlayır ki, Zəngəzur dəhlizinin açılması təkcə ölkəmiz və Cənubi Qafqaz regionu üçün deyil, eyni zamanda Asiya-Avropa nəqliyyat vektoru üzərində yerləşən bütün ölkələr üçün də əlverişli və etibarlı əməkdaşlıq halqasına çevriləcək. 

 

Sammitdəki çıxışı zamanı Prezident İlham Əliyev də 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanların yaradıldığını bildirmiş və Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarının daha da artıracağı və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağı ilə bağlı inamını ifadə etmişdir. Təşkilata üzv ölkələrin liderləri səviyyəsində Cənubi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarına yanaşma da deməyə əsas verir ki, Mərkəzi Asiya ölkələrinin Azərbaycanın tranzit imkanlarından istifadədə maraqlar böyükdür. Xüsusilə Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin önəmi çox dəyərlidir.

 

- Bu görüşün Azərbaycan iqtisadiyyatına töhfələri nələrdir?

 

- Bildiyiniz kimi, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Bu əlaqələrin  iqtisadi baxımdan hansı müsbət dividentlərin gətirəcəyini hesablamaq o qədər də çətin deyil. Qeyd olunduğu kimi, Azərbaycan Asiya ilə Avropa arasında çox mühüm coğrafi və geosiyasi movqeyə sahibdir. Təsəvvür edin ki, artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətini ildə 25 milyon tona çatdırmaq mümkündür. Ölkəmiz Xəzər dənizində ən böyük mülki yük donanmasına, həmçinin regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Ələt Azad İqtisadi Zonası nəhəng xaba çevrilməkdədir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.        

          

Bütün bunlar Avrasiya məkanına daxil olan ölkələri Azərbaycanın belə səmərəli tranzit və logistika imkanlarından istifadə etməyə sövq edir. Artıq bir çox Asiya ölkələri yeni imkanların fərqindədir. Ona görə də gözləniləndir ki, Səmərqənd sammitində Azərbaycanın iştirakı və ŞƏT-nın üzv ölkələri ilə qarşılıqlı münasibətlərin daha yüksək fazaya keçməsi son nəticədə ölkəmizdə formalaşmış və getdikcə artan bu iqtisadi potensialın reallaşmasına ciddi təsir göstərəcəkdir.

 

- Nikol Paşinyanın ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməməsi elə Ermənistanın özündə birmənalı qarşılanmadı. Bəziləri buna görə Paşinyana haqq qazandırsa da digərləri 13 sentyabr hadisələrini Ermənistanın mövqeyindən izah etmək fürsətini əldən verdiyi üçün narazılıqlarını bildirir. Bu ziddiyətli fikirlər erməni siyasətçilərinin yanaşmalarıdır. Əslində sizcə Nikol Paşinyanın tədbirə qatılmamasının əsasında nə dayanır?

 

- Səmərqənd Zirvə görüşü məhz sərhəd boyunca son erməni təxribatlarının davam etdiyi, atəşkəs rejiminə əməl olunmadığı bir vaxta düşmüşdü. Həmin günlərdə Nikol Paşinyan erməni silahlı birləşmələrinin təxribatçı əməllərini ört-basdır etmək və bu hadisələrdən Azərbaycana qarşı koalisiya yaratmaq məqsədilə KTMT-ni münaqişəyə cəlb etmək, Rusiyadan dəstək almaq kimi planlarını həyata keçirməyə çalışırdı və istəyinə nail ola bilmədi. Ona görə də o, utancverici məğlub və cılız duruma düşdüyü üçün Rusiyanın, Türkiyənin, Pakistanın, KTMT-nin əksər üzvlərinin qatıldığı belə mötəbər məclisdə iştirak etməkdən və xüsusilə də cənab İlham Əliyevlə üz-üzə gəlməkdən çəkindi. İkinci səbəb isə, məncə Rusiyadan istədiyini ala bilməyən rəsmi İrəvanın üzünün Qərbə çevirməsi ilə bağlıdır. Üçüncüsü, Paşinyan Ermənistanın siyasi burulğanda çalxalandığı bir zamanda ölkədən çıxdığı halda devrilmək təhlükəsi ilə üzləşəcəyini göz önünə alır. Təbii ki, digər səbəblərin də mövcudluğunu inkar etmək olmaz.   

 

- Azərbaycanın gələcəkdə ŞƏT-ə üzv olması onun Avropa ölkələri ilə münasibətinə necə təsir göstərə bilər?

 

- Azərbaycan müstəqil ölkədir və o, beynəlxalq məsələlərlə bağlı, xarici dövlətlərlə  münasibətlərində milli maraqlara söykənən müstəqil siyasət yürüdür, ölkə rəhbərinin müdrik, uzaqgörən addımları sayəsində çoxvektorlu xarici siyasət kursundan maksimum bəhrələnməyə nail olur. Bu münasibətlər elə incəliklə formalaşdırılıb ki, biri digərini inkar etmir, əksinə bütövlükdə inteqrasiya proseslərinin inkişafına və ziddiyyətlərin aradan qaldırılmasına və bölgədə sülhün bərqərar olmasına mühüm töhfələr verir. Ona görə də Azərbaycan hazırda həm bir neçə nüfuzlu beynəlxalq təşkilatın aparıcı dövlətlərindən biri kimi, həm Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətlərində olmaqla yanaşı, həm də enerji təhlükəsizliyi məsələlərində ayrı-ayrılıqda bir çox Avropa ölkələri tərəfindən etibarlı tərəfdaş olaraq qəbul edilir və dünyada baş verən son siyasi kataklizmlər fonunda sabit və stabil inkişafa nail olan ölkə kimi onun nüfuzu günbəgün artmaqdadır.

 

Başqa sözlə, düşünürəm ki, Azərbaycanın Şərq və Qərb arasında bağlantıdakı mühüm mövqeyi Şanxay Əməkdaşlıq Təşkilatı  kimi geniş coğrafiyanı əhatə edən beynəlxalq təşkilatdakı fəaliyyəti ilə daha da güclənəcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əsirlikdəki hərbçilərimiz qaytarılır prosses başladı