Modern.az

Ermənistan sülh istəmirsə, biz nə etməliyik...

Ermənistan sülh istəmirsə, biz nə etməliyik...

Parlament

22 Sentyabr 2022, 12:40

Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Dövlət başçısı Laçında şanlı bayrağımızı ucaltdıqdan sonra çıxış edərək, bir sıra önəmli fikirlər səsləndirib, Ermənistana və regiona ünvanlanan əhəmiyyətli mesajlar verib.

 

Azərbaycanın müharibədən dərhal sonra İrəvana sülh təklif etdiyini diqqətə çatdıran ölkə başçısı Ermənistanın sülhə hazır olmadığını vurğulayıb.

 

“Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır” – deyə, Prezident İlham Əliyev çıxışında bildirib.

 

Bəs Ermənistanın sülhün əksinə getdikcə, proseslər hansı istiqamətdə cərəyan edəcək? Yenidən müharibə təhlükəsi varmı?

 

 

Bu barədə Modern.az-a danışan kəlbəcərli deputat Aqil Məmmədov düşünür ki, Ermənistanı sülhə məcbur etməyin müvafiq üsulları var. Deputat regionda sülhün təminatına maraqlı olan ölkələrin də mövqeyinin önəmli olduğunu söyləyib.

 

“Ölkə başçısı bundan öncəki səfərlərində, Kəlbəcərdə, o cümlədən dünən baş tutan Laçın səfərində bir daha qeyd etdi ki, Ermənistan sülh istəmir. Bizim istəyimiz regionda sabitliyin təmin olunması, məsələlərin sülh yolu ilə həllidir. Amma təəssüf ki, Ermənistan təxribatları dayandırmır. Post-müharibə dövründə Ermənistan ikitərəfli razılaşmalara getsə də, üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Sonuncu dəfə 12-14 sentyabrda yenidən genişmiqyaslı təxribat törətdilər. Azərbaycan Ordusu həmişəki kimi ayıq-sayıq oldu və düşmənin tutarlı cavabını verdi. Ermənistan indiyə qədər imzaladığı sənədləri heçə sayır, eyni zamanda vasitəçilik edən Avropa İttifaqının, Rusiyanın rəhbərlərinə hörmətsizlik göstərir. Ermənistan əməlləri ilə sübut edir ki, indiyə qədər aparılan danışıqlar əbəsdir”.

 

Deputatın sözlərinə görə, revanşist addımlardan əl çəkməyən rəsmi İrəvan daxilində təbliğatı davam etdirir, üstəlik azyaşlı erməni uşaqlarını Azərbaycana nifrətlə böyüdürlər. Ermənilər havadarlarının fikirləri ilə oturub durur, müstəqil siyasət yeritmirlər.

 

"Buna baxmayaraq, regionda sülhün əldə olunmasını, kommunikasiyaların açılmasını arzulayan dövlətlər də var. Hesab edirəm ki, həmin dövlətlər Ermənistana açıq-aşkar təzyiq göstərməlidir. Ermənistan sülh sazişinə imza atmalı, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Başqa çıxış yolu yoxdur. Müharibə istəyirlərsə, böyük məğlubiyyətə düçar olacaqlar. Çünki onların hərbi və iqtisadi gücünü Azərbaycanla müqayisə etmək mümkün deyil. Böyük dövlətlər sonda öz sözünü deyəcək, Ermənistanı sülhə məcbur edəcəyik. Əgər məsələ həllini tapmazsa, sərhədlərimiz müəyyən edilmədiyinə və başqa çarəmiz olmadığına görə, yenə "Dəmir yumruq" öz sözünü deyəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü