Modern.az

Daha bir deputat AzTV-ni TƏNQİD ETDİ

Daha bir deputat AzTV-ni TƏNQİD ETDİ

23 Sentyabr 2022, 14:36

Milli Məclisin deputatları Əziz Ələkbərli, Fazil Mustafa və Etibar Əliyev AzTV-ni sərt tənqid ediblər. Parlamentarilər dövlət televiziyasını Qərbi Azərbaycan mövzusunda qeyri-peşəkar yanaşma sərgiləməkdə ittiham edərək, həmin bölgəni yaxşı tanımayan ekspertlərin iştirakı ilə proqramların hazırlanmasını qınayıblar.

 

Deputatların etirazı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirələr zamanı bir çoxları AzTV-nin fəaliyyətindən narazılığını ifadə edərək, deputatların haqlı olduğunu bildiriblər.

 

Modern.az məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızının mövqeyini öyrənib.

 

Deputat bildirib ki, Qərbi Azərbaycan əcdadlarımızın tarixi vətəni və məskəni olmaqla, bütöv Azərbaycanın bir parçasıdır. Bu mənada XX əsrdə xalqımıza və tarixi torpaqlarımıza qarşı olan haqsızlıqları heç vaxt gündəmdən çıxarmamalıyıq:

 

“Hər kəs bilir ki, XX əsrin əvvəllərindən - 1918-ci ildən başlayaraq, məqsədli olaraq dünyanın müxtəlif yerlərindən gətirilən ermənilərin bu coğrafiyada məskunlaşdırılması, möhkəmləndirilməsi və onlara dövlət qurulması üçün zaman-zaman Ana Vətənimiz olan  tarixi torpaqlarımızdan ermənilərə verilib. 1918-ci ilin 29 may tarixində qədim Azərbaycan türklərinin əzəli yurd yerləri olan İrəvan bu məkrli məqsədin qurbanları olub. Eyni zamanda, Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistanda yaşayan milyonlarla soydaşımız etnik təmizləməyə, deportasiyaya, soyqırıma məruz qalıb. Sonuncu  dəfə 1988-ci ildə üç yüz minə yaxın azərbaycanlı ağır vəziyyətdə erməni vandalları tərəfindən qovulub. Əslində Qərbi Azərbaycan haqqında əsaslı tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan ən mükəmməl məlumat möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2020-ci il 15 fevral tarixində ənənəvi Münxen Təhlükəsizlik Konfransında dünyanın gözü önündə Ermənistan Baş naziri ilə olan paneldə səsləndirilmiş və bununla da erməni saxtakarlığı ifşa edilmişdir. Ümumiyyətlə, möhtərəm Prezidentimiz bütün fəaliyyəti boyu, mötəbər kürsülərdə Azərbaycan xalqına və tarixi torpaqlarımıza qarşı olan ədalətsizlik haqqında uzaqgörən və müdrik fikirlər səsləndirmiş və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağını bildirib. Bunu deməkdə məqsədim odur ki, bu gün itirilmiş Qərbi Azərbaycan tarixi dövlət siyasətinin tərkib hissəsidir, desək yanılmarıq”.

 

Xanım deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışlarında davamlı olaraq, İrəvanın, Zəngəzurun, Göyçənin tarixi Azərbaycan torpaqları olması haqqında verdiyi mesajlar bir daha bu məsələnin nə qədər prioritet olmasına sübutdur. 

 

“Hesab edirəm ki, bu yaxınlarda təsis edilmiş Qərbi Azərbaycan İcması da bu prioritetlərdən və günümüzün zərurətindən yaranan sosial sifarişdir. Biz erməni təcavüzü nəticəsində 1991-93-cü illərdə Qarabağdan məcburi köçkün düşmüş bacı qardaşlarımızın bu gün hüquqları bərpa olundu. Əlbəttə, 1988-89-cu illərdə qovulan 300 min azərbaycanlının pozulmuş hüquqları Azərbaycan ictimaiyyətini narahat edir. Yeri gəlmişkən, onu da qeyd edim ki, erməni diasporu və erməni lobbisi ilə işbirliyində olan milli satqın və milli xainlərimizin, eləcə də 5-ci kalonun Qərbi Azərbaycanla bağlı səsləndirdikləri fikirlər düşmən dəyirmanına su tökməklə bərabər,  həm də milli maraqlarımıza tamamilə ziddir. Ona görə hesab edirəm ki, yerli mətbuatda, televiziya kanallarında, xüsusilə də dövlətin televiziyası olan AzTV-də Qərbi Azərbaycanla bağlı verilişlərdə çox peşəkar, o bölgəni yaxşı bilən və tanıyan mütəxəsislər cəlb edilməlidir. Bu mənada mən də həmkarlarımın fikirlərini dəstəkləyirəm”, - deyə Məlahət İbrahimqızı qeyd edib.

 

Həmçinin oxuyun:

Deputatlar AzTV-ni İTTİHAM ETDİLƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır