Modern.az

“Mən özüm də hədəfdəyəm”– Deputat cavab verdi

“Mən özüm də hədəfdəyəm”– Deputat cavab verdi

Parlament

23 Sentyabr 2022, 16:06

Deputat Elman Nəsirov Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib. O, sosial şəbəkələrin cəngəllik qanunları ilə idarə olunduğunu deyərək, yeni qanun layihəsinin vacibliyinə diqqət çəkib.

 

Deputatın təklifi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər sosial şəbəkələrin azad platforma olduğunu, oranı tənzimləmək üçün qanuna ehtiyac duyulmadığını söyləyib və deputatı tənqid atəşinə tutublar. 

 

Bununla bağlı Modern.az-a açıqlama verən E.Nəsirov sosial şəbəkədə insanların təhqir olunduğunu, onlara böhtan atıldığını deyib:

 

“Sosial şəbəkələrdə bu gün baş verən proseslər qorxulu tendensiya halını alıb. İnsanları təhqir etmək, onların şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzuna xələl gətirmək, adi prosesə çevrilib. Xüsusilə, vəzifəli şəxslərin, dövlət adamlarının təhqir və böhtan hədəfinə alınması tez-tez baş verən hadisələrdən biridir. Sosial şəbəkələrdə ayrı-ayrı adamların özünün belə xəbəri olmadan, onların adından sitatlar yazılır, “fikirlər” yayılır, bu da həmin şəxslərə qarşı təhqir və təhdid kampaniyasına çevrilir.

 

Mən komitədə çıxışım zamanı qeyd etdim ki, sosial şəbəkələr tərkib etibarı ilə yekcins deyil. Buradakı insanları 3 kateqoriyaya bölmək olar. Birinci kateqoriya insanlar savadlı, dünyagörüşlüdür. Sosial şəbəkələrə fikir, ideya mübadiləsi kimi baxırlar. İkinci kateqoriya insanlar isə asudə vaxtı keçirmək, dostlar, tanışlar tapmaq üçün platforma kimi istifadə edirlər. Üçüncü kateqoriya şəxslər sosial şəbəkələri gözdən salanlardır. Onlar gecə-gündüz şər və böhtan ifraz etməklə məşğuldurlar. Bu hal cəmiyyətdə mənfi qarşılanır. İstədikləri adamı təhqir edə bilirlər və cəzasızlıq rejimində fəaliyyət göstərirlər. Sanki sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur. Bütün bu vəziyyəti nəzərə alıb, təklif etdim ki, qanun hazırlansın. Uzağa getmək lazım deyil, qardaş Türkiyənin təcrübəsindən istifadə etmək olar. Orada belə bir qanun qəbul edilib, proseslər xeyli səviyyədə tənzimlənib”.

 

Elman Nəsirov hesab edir ki, dünyanın heç bir yerində sosial şəbəkələr Azərbaycandakı qədər siyasiləşməyib:

 

“Bizdə sosial şəbəkədə təhqir və böhtanla məşğul olanlar xüsusi sifarişlər qəbul edirlər, ayrı-ayrı şəxsləri hədəf alırlar. Mən özüm də həmin qaragüruhun hədəfindəyəm. Gecə-gündüz haqqımda yalan, iftira səsləndirirlər. Adımdan yalan sitatlar paylaşırlar. Mən isə onları cəzalandıra bilmirəm. Biz Milli Məclisin İnsan hüquqları komitəsi olaraq, bunun həllinə çalışmalıyıq. İnsan hüquqları komitəsinin üzvləri təhqir və təzyiq altındadırsa, öz hüquqlarımızı qoruya bilmiriksə, başqalarının hüquqlarını necə qoruyacağıq. “Sosial şəbəkələr haqqında” qanunun qəbuluna, hava, su kimi ehtiyac var. Bu, zərurətə çevrilib və ictimai sifarişdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür