Modern.az

Deputat-idmançılar: SSRİ çempionu Siyavuş Novruzov, dünya çempionu Ülvi Quliyev və digərləri - MARAQLI

Deputat-idmançılar: SSRİ çempionu Siyavuş Novruzov, dünya çempionu Ülvi Quliyev və digərləri - MARAQLI

Parlament

9 Aprel 2013, 11:42

İdman sağlamlığın əsas şərtlərindən biridir. Deyirlər sağlam bədəndə sağlam ruh olar. Siyasətdə sağlam ideya ilə fikirlər səsləndirmək isə daha cəlbedici və həqiqətə uyğun olur. Siyasətçinin idmanla məşğul olması və bu sahədə uğurlar qazanması  təmsil etdiyi dövlətin imicinə də müsbət mənada təsir edir. Bəs Azərbaycanda siyasi müstəvidə təmsil olunan şəxslər hansı idman növü ilə məşğul olublar? Bu sahədə onların hər hansı bir nailiyyəti olubmu?
Modern.az bunu ilk olaraq deputatlarla bağlı araşdırıb.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov güləş üzrə idman ustasıdır.  YAP-çı deputat 10 yaşından güləş idman növü ilə məşğul olub. Siyavuş müəllim deyir ki, o, 1988-ci ildə hətta SSRİ çempionu da olub. “Mən siyasi proseslərə qoşulandan sonra yarışlara çıxmadım. Bu gün də özüm üçün idmanla məşğul oluram. Amma çempionatlarda iştirak etmirəm”.

Milli Məclisin digər deputatı Novruz Aslan da idman ustalığına namizəddir. O, cüdo-sambo idman növü ilə məşğul olub. 12 yaşından idmana marağı olan millət vəkilinin Azərbaycan çempionatında uğurları olub. (Birinci və ikinci yerlər). Deputat deyir ki, hazırda siyasətlə yanaşı, idmanla da maraqlanır.

Millət vəkili Adil Əliyev cüdo üzrə idman ustasıdır. Adil müəllim cüdo ilə yanaşı, kikboksinq üzrə də nailiyyət qazanıb. Deputat kikboksinq üzrə veteranlar arasında 2008-ci ildə dünya çempionu olub. Millət vəkili bildirib ki, hazırda da bu iki idman növü ilə məşğul olur. Adil Əliyev eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə 1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmaqla yanaşı, idman ustası da olub. Amma o, hazırda isə ağırlıqqaldırma ilə məşğul deyil.
“Çünki bu yaşda belə idmanla məşğul olmaq ziyandır. İndi hər gün 7-8 km yolu qaçıram”.

Millət vəkili Ülvi Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım