Son zamanlar Azərbaycana qonşu olan dövlətlərdə qarışıqlıq və xaos hökm sürməkdədir. Belə ki, İranda qadınların hüquqları ilə bağlı üsyanlar, Rusiyada qismən səfərbərlikdən sonra ümumxalq mitinqi və ardınca ölkədən kütləvi qaçışlar gündəmin ciddi müzakirə mövzularına çevrilib. Ermənistanda da vəziyyət hər zaman olduğu kimi stabillikdən uzaqdır. Baş nazir Nikol Paşinyan və erməni xalqı arasında fikir ayrılığı, Azərbaycanla sərhəddə təxribatlar, müxalifətin aktivləşməsi və digər məqamlar Ermənistandakı vəziyyətin nazik ip üstündə olduğunu göstərir.
Bəs regionda baş verən bütün bun proseslər Azərbaycana necə təsir edə bilər?
Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan öz təhlükəsizliyinin təmin olunması, ümumi inkişaf prioritetlərinə çatılması istiqamətində yoluna davam etməkdədir:
“Bizim üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasəti idi. Düzdür, Ermənistan bu gün yenə də təxribatlarını davam etdirir. Amma bunun qarşısını Azərbaycan çox qətiyyətlə almaq iqtidarında olduğunu nümayiş etdirib. 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizi işğaldan azad etdik. Hazırda Azərbaycanın ərazisində, Xankəndi və ətraf yerlərdə yaşayış məntəqələrində ermənilər qalmaqda davam edirlər. Bu, zaman məsələsidir ki, onlar öz mövcudluq şərtləri ilə bağlı mövqelərini müəyyənləşdirsinlər. Yeganə yol budur, Azərbaycan qanunlarına tabe olaraq, bizim vətəndaşlarımız kimi qalmaq istəyəcəklərsə, ərazilərimizdə qalacaqlar. Əksi mümkün deyil. Azərbaycanın hər cür imkanı var ki, tam ərazisi boyunca suverenliyini təmin etsin.
Qonşu dövlətlər - İran və Rusiyadakı vəziyyətin Azərbaycana hansı istiqamətdə təsir edəcəyinə gəlincə, indiki şərtlər daxilində hesab edirəm ki, bizə qarşı ciddi mənfi nüanslar yoxdur. Çünki vəziyyətin o dərəcədə gərgin olduğunu düşünmürəm. Qonşu dövlətlərdə ciddi şəkildə gərginlik nəzərə çarpmır.
Biz region ölkələrində gərginliyin olmamasının tərəfdarıyıq. Bu, iqtisadi əlaqələr, regional təhlükəsizlik üçün vacibdir. Ermənistan xaric bütün qonşu ölkələrlə yaxşı iqtisadi sistem qurmağı bacarmışıq. Təbii ki, bu iqtisadi əlaqələrin sabit olması və inkişaf etməsi üçün qonşu ölkələrdə də sabitliyin mövcudluğu vacibdir”.
Deputat xatırladıb ki, Azərbaycan həm də Rusiya və İranın birbaşa iştirakçısı olduğu Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin bir parçasıdır. Bu istiqamətdə artıq əhəmiyyətli işlər həyata keçirilib. Eyni zamanda, bu dəhliz bütövlükdə regional əməkdaşlıq üçün, yaxud böyük bir coğrafiyadan yeni iqtisadi təmasların qurulması üçün çox vacibdir. Azərbaycan istənilən şəraitə uyğun davranmağı bacaran, əlaqələr qurmaq təcrübəsinə malik dövlətdir. Bizim müstəqil siyasət xəttimiz var. Ölkəmiz çoxtərəfli iqtisadi əməkdaşlıq sisteminin fəal iştirakçısıdır. Ona görə, hesab edirəm ki, bütün şərtlər daxilində Azərbaycan öz maraqlarına uyğun addımlar atmağı bacaracaq”.
***
Həmçinin oxuyun:
Hicabsız İran, qorxaq ruslar və gözüyaşlı ermənilər - Qonşu ölkələr qaynayır