Modern.az

Komitə sədrindən Şəhid qardaşına dəstək - SOCAR-da iş verilsin, evlə təmin olunsun!

Komitə sədrindən Şəhid qardaşına dəstək - SOCAR-da iş verilsin, evlə təmin olunsun!

Parlament

28 Sentyabr 2022, 16:54

“Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov uşaq evində böyüdüyünə görə mənzillə təmin olunmalıdır. Hazırkı normativlər onun 2 otaqlı mənzillə təminatına imkan vermir. Amma Nazirlər Kabineti normativlərə təcili şəkildə yenidən baxmalıdır”.

 

Bunu Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun mənzil problemilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən açıqlamaya münasibət bildirərkən deyib.

 

M.Quliyev sədri olduğu komitədə bu məsələnin müzakirə edildiyini diqqətə çatdırıb:

 

“Biz də dəfələrlə demişik ki, bu normativlər sovet dövründən qalma normativlərdir və dəyişdirilməlidir. Nazirlər Kabinetindən bu normativ aktlara yenidən baxmasını gözləyirik. Çünki bu qədər insanı narazı salmaq olmaz. İstər şəhid ailələri olsun, istər qazilər olsun, istər uşaq evlərində böyüyənlər olsun, onlara mənzil verilərkən, sovet dövründən qalmış kiçik kvadratlı mənzillər deyil, daha böyük, şəraiti normal olan mənzillərin verilməsi üçün normativlər qəbul edilməlidir. İndiki normativə görə 1 nəfərə 7 kvadratdan az sahə düşür. Sənanın ailəsi 3 nəfərdən ibarətdir. Ona 1 otaqlı mənzil normativə uyğun təklif edilib. Normativlərin dəyişdirilməsinə Nazirlər Kabineti tez bir zamanda baxmalıdır. Normativlər imkan verməsə belə, Şəhid qardaşının həm mənəvi cəhətdən, həm də sosial baxımdan haqqıdır ki, daha yaxşı şəraitdə yaşasın”.

 

 

Komitə sədri Sənan Əhmədovun yüksək gəlirli işlə təmin olunmasının vacibliyinə diqqət çəkib:

 

“Sənan cavan oğlandır, ailə sahibidir. Ona görə də yaxşı işlə təmin olunmalıdır ki, ailəsini istədiyi kimi dolandıra bilsin. Onlar uşaq evində böyüyüb, ata-ana himayəsindən məhrum böyüyüblər, bir-birindən başqa doğmaları yoxdur. Ona görə də, qanun imkan vermirsə belə, ayrı-ayrı şəkildə Sənana dəstək göstərilməlidir. Sənana bacardığı bir iş vermək olar. Sənanı özünəməşğulluq proqramına cəlb etmək olar, eyni zamanda, özünün bacardığı biznes sahəsində treninq keçib, SOCAR-da yaxşı maaşlı iş vermək olar. Yəni hər şey mümkündür, yetər ki, istək olsun!”.

 

Parlamentari qanunvericilikdə Sənanın şəhid ailəsi sayılmamasına da aydınlıq gətirib:

 

““Şəhid adının əbədiləşdirilməsi haqqında” Qanuna görə, qardaş və bacı 18 yaşından yuxarıdırsa, onlar Şəhid ailəsi üzvü sayılmırlar. Şəhid ailəsi üzvü şəhidin anası, atası, arvadı, 18 yaşına qədər olan övladları və yaxud bacı-qardaşları sayılır. Sənan 18 yaşını keçdiyinə görə, o, şəhid ailəsi üzvü sayılmır. Bu məqam qanunvericiliklə müəyyən olunduğundan, ona 11 min manatlıq sığorta pulu da verilmir. Qanuna görə 18 yaşından sonra hər kəs əmək qabiliyyətli hesab edildiyindən, öz-özünü saxlamaq imkanına malik sayılır. Sığorta pulu o ailə üzvlərinə verilir ki, şəhid sağ olarkən, onları saxlamağa, müəyyən təminatlarını ödəməyə borclu idi. Amma bununla belə Sənan uşaq evində böyüdüyünə görə ona ev verilməlidir. Nazirlər Kabineti zəhmət çəksin, normativlərə yenidən baxsın. İndi kim 5-7 kvadratlıq yerdə yaşayır?! O normativlər artırılıb 10-11 kvadratmetrə çatdırılmalıdır ki, Sənan və onun kimi mənzil ehtiyacı olan insanlar normal şəkildə yaşaya bilsinlər”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Şəhid Səbuhi Əhmədovun qardaşı Sənanla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi