Modern.az

"Şuşada Heydər Əliyevə abidə qoyula bilər" - Komitə sədri

Parlament

30 Sentyabr 2022, 10:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Bu sərəncam Heydər Əliyevin anadan olmasının yüzilliyi şərəfinə imzalanıb. 

 

Bəs, bu münasibətilə 2023-də Şuşada  Heydər Əliyevin abidəsi ucaldıla bilər?

 

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, əlbəttə, Heydər Əliyevə Şuşada da, Laçında da, Zəngəzurda da abidə qoyula bilər:

 

“Heydər Əliyev üçün Azərbaycanın hər yeri doğmadır. Sadəcə olaraq Şuşa işğal altında olduğundan Heydər Əliyev oraya daha çox diqqət yetirirdi. “Şuşa Azərbaycanın gözüdür” ifadəsi də məhz Heydər Əliyevə məxsusdur. Yenə deyirəm, abidə Şuşada da başqa yerdə də qoyula bilər. Bu cənab Prezidentin tapşırığı ilə 2 ay ərzində hazırlanacaq tədbirlər planında hansı formada öz əksini tapacaq sonra biləcəyik”.

 

Onun sözlərinə görə, əsas məsələ Heydər Əliyev ideyalarını yaşatmaqdır:

 

“Heydər Əliyevin ideyaları qalib gəlir, yaşayır. Bu isə insanlara xoşbəxtlik gətirir. Dövlətimizi möhkəmləndirir. Hər birimiz çalışmalıyıq ki, Heydər Əliyevin siyasi kursu uzun illər davam etsin. Azərbaycanın iqtisadi gücü möhkəmlənsin, əhalinin sosial rifahı artsın. Azərbaycan dünyada güclü, qüdrətli dövlət olsun. Heydər Əliyev dünya çapında tanınmış dahi  bir lider olduğu üçün ümumiyyətlə, dünyanın hər yerində abidəsi ucaldıla bilər”.

 

“Heydər Əliyev Azərbaycan xalqı üçün böyük xidmətləri olmuş Azərbaycan xalqına xoşbəxtlik bəxş etmiş, faktiki olaraq  müasir Azərbaycanın memarı olan dahi siyasət adamı olub. Buna görə də, gələn il “Heydər Əliyev ili” olduğundan müxtəlif çaplı tədbirlər yüksək səviyyədə həyata keçiriləcək”, - deyə Musa Quliyev deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır