Azərbaycanın dünyada nüfuzu daha da güclənir

Azərbaycanın dünyada nüfuzu daha da güclənir

Parlament

3 Oktyabr 2022, 13:00

Azərbaycan bu gün iqtisadi inkişaf, ölkələrlə əməkdaşlığı möhkəmləndirmək və dərinləşdirmək sahəsində həyata keçirdiyi siyasət, sülhə, əminamanlığa, beynəlxalq hüquqa verdiyi dəstək baxımından dünyanın diqqət mərkəzində olan dövlətlərindən biridir. Həm də ölkəmiz müasir çətin şəraitdə, dünya ölkələri arasında ziddiyyətlərin kəskinləşdiyi, müharibənin getdiyi, ərzaq və enerji qıtlığının yarandığı bir dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsaslı rol oynayan bir dövlət kimi tanınır və qiymətləndirilir. Azərbaycan etibarlı tərəfdaş kimi uzun illərdir dünya və Avropa bazarlarına xam neftin və qazını ixrac etməklə dövlətlərin və xalqların həyatının normal təmin olunmasına töhfələr verir və bu proses ildən - ilə sürətlənməkdədir.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O qeyd edib ki, Avropa İttifaqı ilə ölkəmiz arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun
imzalanması əməkdaşlığın əyani nümunəsidir.

 

"Bu sənədə əsasən növbəti bir neçə il ərzində Avropaya qaz ixracı ən azı 2 dəfə artırılacaqdır. Yunanıstan - Bolqarıstan Qaz İnterkonnektoru layihəsi isə Azərbaycan qazının Avropa ölkələrinə daha geniş miqyasda nəql olunmasına imkan yaradacaqdır ki, bu, ölkəmizin Avropada böyük nüfuz qazanmasına, əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri və səfər zamanı keçirilən əhəmiyyətli görüşlərdə dövlət başçılarının, rəsmi dairələrin çıxışlarında səslənən fikirlər Azərbaycanın humanist mövqeyini bir daha təsdiq edir. Bu səfər iki dövlət arasında mühüm strateji tərəfdaşlığa doğru növbəti addım olmaqla ölkələrin milli maraqlarına, xalqların dostluğuna xidmətə istiqamətlənib. Cənub Qaz Dəhlizinin istismarı ilə əlaqədar bu münasibətlər daha da yaxşılaşmaqdadır. Prezidentimiz mətbuata bəyanatında da bunu bir daha qeyd edərək deyib: “Azərbaycan qazı indi Bolqarıstandadır. Biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilib”.

 

Azərbaycan - Bolqarıstan arasında enerji əməkdaşlığı ilə bərabər, nəqliyyat, ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi başqa sahələrin inkişaf etdirilməsi əlbəttə ki, dövlətlərin gələcək uğurları üçün çox əhəmiyyətlidir. Bu səfər də bu baxımdan qiymətlidir və dövlətlərin gələcək inkişafına xidmət edir", - deyə deputat qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı