Xankəndi, Ağdərə və Xocalıda da kütləvi məzarlıqlar var

Xankəndi, Ağdərə və Xocalıda da kütləvi məzarlıqlar var

Parlament

5 Oktyabr 2022, 12:37

Xocavənd rayonunun işğaldan azad olunmuş Edilli kəndində kütləvi məzarlıq aşkar edilib. Ötən gündən etibarən ölkənin əsas gündəminə çevrilən məzarlıqda 12 nəfərin meyitinin qalıqları tapılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, həmin şəxslərin geyimlərdən hərbçi olduğu müəyyən edilib. Cəsəd qalıqlarından aydın şəkildə görünüb ki, onların ölməzdən əvvəl əlləri və ayaqları kəndirlə bir-birinə bağlanılıb.

 

Edillidə aşkar edilmiş növbəti kütləvi məzarlıqla bağlı fikirlərini bildirən Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. Hikmət Hacıyev onu da bildirib ki, 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

 

 

Ermənilərin törətdikləri vəhşiliklərin izlərini özündə əks etdirən kütləvi məzarlıqların dünyaya çatdırılması haqqında Modern.az-a danışan Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov beynəlxalq təşkilatların laqeydliyindən gileylənib.

 

Deputat vurğulayıb ki, Azərbaycan tərəfi olaraq, müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, tələbimizi qoysaq da, hələ nəticəsini görə bilmirik:

 

“Bu günə qədər taleyi məlum olmayan 4 minə yaxın itkin azərbaycanlı haqqında məlumat verilməsini tələb edirik. Ermənistan tərəfindən isə buna heç bir reaksiya yoxdur. Ermənistan düşməndir, cinayətkar, terrorçu dövlətdir, anladıq. Beynəlxalq təşkilatların bizim sorğularımıza laqeyd qalması isə daha təəccüblüdür. Beynəlxalq təşkilatlar Ermənistanın qarşısında hələ də ciddi tələb qoymayıblar ki, 4 min azərbaycanlının taleyi haqqında hesabat versin. Halbuki həm Vətən müharibəsində, həm də ondan sonrakı dönəmdə 5-6 dığaya görə, beynəlxalq aləm bir-birinə qarışdı. Azərbaycana qarşı vaxtaşırı ittihamlar səsləndirilir, şər-böhtan kampaniyaları həyata keçirilir. İkili standartlar hələ də özünü göstərir.

 

Xocavənd rayonu Edilli kəndi ərazisində tapılan kütləvi məzarlıq son deyil. Belə faktların aşkarlanması hələ davam edəcək. Biz azad olunmuş ərazilərdə müvafiq axtarışlar apardıqda bununla qarşılaşacağıq. Xankəndi, keçmiş Ağdərə, Xocalı düşməndən təmizlənəndən sonra orada çoxlu kütləvi məzarlıqlar aşkar ediləcək”.

 

 

 

Ermənilərin əsir və girovlara qarşı etdikləri vəhşilikləri dəfələrlə vurğulayan deputat hesab edir ki, bunlar sənədli sübutlardır:

 

“Bu gün erməni girovluğundan azad edilən, sağ geri qaytarılan çoxlu şahidlər var. İnsan hüquqlarından dəm vuran beynəlxalq qurumlar bunlara qarşı da laqeyddirlər.

 

Xocalıda bir gecənin içərisində kütləvi şəkildə güllənən 613 nəfər, Xocavənddə Qaradağlı kəndində 100-dən çox insanın silos quyularına doldurulub, diri-diri basdırıldığı, ermənilərin soyqırımları, kütləvi qətllər və digər faktlar mövcuddur. Bunları deyəndə, beynəlxalq təşkilatlar kar, kor olurlar. Halbuki, bir erməninin burnu qanayanda, aləmi bir-birinə qatırlar. Növbəti kütləvi məzarlığın görüntülərindən belə məlum olur ki, Birinci Qarabağ müharibəsinə aiddir. Yenə təkrar edirəm, 4 min nəfərə yaxın itkin azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur.

 

Biz bütün bunlara tab gətirmək üçün güclü olmalıyıq ki, düşmənin cavabını layiqincə verək. Beynəlxalq qurumların münasibəti qarşısında onlara layiqli mövqeyi göstərək. Azərbaycan əsgəri heç vaxt, heç kimə qarşı qəddar olmayıb. Vəhşilikləri həmişə ermənilərdən görmüşük. Bunun davam etməməsi üçünsə düşməni yerinə oturtmalıyıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı