Modern.az

Tıxacdan xilas olmaq üçün yeni şəhər salınsın! - TƏKLİF

Tıxacdan xilas olmaq üçün yeni şəhər salınsın! - TƏKLİF

Parlament

5 Oktyabr 2022, 15:54

Bakıda tıxac məsələsi ciddi problemə çevirilib. Tıxac probleminin bir neçə həlli yolu var.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakıda minik avtomobillərinin sayı həddindən artıqdır:

 

“1993-cü ildə cəmi 3000 maşın var idisə, hazırda bu rəqəm 1,600,000-ə yaxınlaşıb. Maşın sayında təxminən 5-6 dəfə artım var. Əhalinin əksəriyyəti Bakıda cəmləşib. Doğrudur, indi Qarabağ azaddır, ora köç olduqca Bakıda əhalinin sayında da müəyyən qədər azalma olacaq. Ancaq Bakının özündə yolları yenidənqurmaya böyük ehtiyac var. Bir neçə, xüsusilə də, çox ciddi tıxac olan istiqamətlərdə əlavə yollar çəkilməlidir. Hazırda Bakıda gediş-gəlişin çox olduğu yollardan biri olan Heydər Əliyev prospekti  bunun üçün ideal seçim ola bilər. Alternativ yolları daha çox şəhərətrafına keçirmək lazımdır ki, vacib işi olmayan şəxslər şəhərə daxil olmasın".

 

Bakının həm tikinti, həm də avtomobil sayı baxımından kifayət qədər yükləndiyini söyləyən Vahid Əhmədov çıxış yolunu yeni şəhərin salınmasında görür:

 

"Bu vəziyyətdən xilas olmaq üçün yaxın bölgələrdə müasir tipli şəhər tikmək lazımdır. Bunun üçün geniş imkanımız var. Kommunikasiya xətləri çəkməkdə heç bir problem olmayacaq. Çox uzağa getməyə ehtiyac yoxdur. Yeni şəhər Bakı-Quba yolunun, yaxud Bakı-Salyan yolunun ətrafında qurula bilər. Elə yer seçmək lazımdır ki, kommunikasiya xətlərinin çəkilməsində problem olmasın. Bu iki variantdan istifadə etmək lazımdır. Əks təqdirdə bir müddət sonra Bakıda maşın sürmək mümkün olmayacaq”.

 

Deputatın fikrincə, nəqliyyat probleminin birdəfəlik həlli üçün konkret tədbirlər planı hazırlanmalıdır:

 

"Bu yaxınlarda Baş nazir nəqliyyatdakı vəziyyətlə bağlı müşavirə keçirib. Ancaq konkret tədbirlər planı olmalıdır ki, qısa müddətdə sözügedən effektiv tədbirlər həyata keçirilsin. Eyni zamanda maşınların idxalı məsələsinə fikir vermək lazımdır. Köhnə avtomobilləri Azərbaycana buraxmaq lazım deyil. Elə məbləğdə vergi qoyulmalıdır ki, köhnə maşınları Azərbaycana gətirə bilməsinlər. Son vaxtlar “Toyota Prius” markalı maşınları gətirib, şəhəri onlarla doldurublar. Nəticədə, qəzaların sayında artımın şahidi oluruq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi