Modern.az

Xankəndidə kiminlə danışmalıyıq? - Komitə sədri ŞƏRH ETDİ

Xankəndidə kiminlə danışmalıyıq? - Komitə sədri ŞƏRH ETDİ

Parlament

6 Oktyabr 2022, 16:00

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı Azərbaycanın İrəvana təqdim etdiyi 5 prinsipdən danışıb. Erməni XİN rəhbəri qeyd edib ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”a dair öz baxışını Bakı ilə bölüşüb və bu məsələ aparılan danışıqların tərkib hissəsidir. Mirzoyan, həmçinin vurğulayıb ki, Xankəndi ilə Bakı arasında beynəlxalq dialoq mexanizminin yaradılması ideyası var. 

 

Rəsmi İrəvanın ikibaşlı mövqeyi haqqında Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin rəhbəri Ziyafət Əsgərov söyləyib ki, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın təklif etdiyi sülh prinsiplərinin içərisində Ermənistan üçün qeyri-məqbul heç nə olmadığını etiraf ediblər.

 

Komitə sədrinin sözlərinə görə, ermənilər müharibədən əvvəl də 30 ilə yaxın müddət ərzində həmişə Azərbaycanı qondarma rejimlə danışıqlara calamağa çalışıblar:

 

“Biz 30 ilə yaxın bu fikirlərə etiraz etdik və təklifə razılaşmadıq. Beləliklə, qondarma qurumun qanuni olmadığını sübut etdik. Qondarma Dağlıq Qarabağ qeyri-qanuni elan edilmiş qurumdur və bu qurumla danışıqlar aparılması heç bir halda mümkün deyil.

 

Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Xankəndi artıq Azərbaycanın iqtisadi rayonlarına daxil olan ərazidir. Biz öz ərazimizdə kiminlə danışıq aparmalıyıq? Danışıqların predmetini sülh planında göstərmişik. Bu, Ermənistanla aparılacaq və belə də olmalıdır. Söhbət Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya proseslərindən gedir. Müzakirə bununla bağlı aparılmalıdır. Ermənilər təklifləri və şərtləri qəbul ediblər. İndi nədənsə, birdən-birə tamamilə başqa məsələ ortaya atılıb”.

 

 

Ziyafət Əsgərov hesab edir ki, Ermənistanın niyyəti ölmüş Minsk qrupunu diriltməkdir:

 

“Onları havadarları da qızışdırır və uzun müddətdir belə məsələni ortaya atmadıqları halda, indi qaldırırlar. Ermənistan bu şərtlərə razı olmağa məcburdur, başqa çıxış yolu yoxdur. Dəfələrlə elan və bəyan edilib ki, 5 prinsipi yerinə yetirsinlər, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Delimitasiya və demarkasiya proseslərinə, yolların və kommunikasiya xətlərinin açılmasına razılaşsınlar. Bütün bunlar indiyə qədər imzalanan bəyannamələrdə göstərilib. Ermənistan yenə də hər bir vəchlə Minsk qrupunun bərpasına çalışır. Tamamilə mənasız, cəfəngiyat fikirdir. Ermənistan sadəcə irəli sürdüyümüz 5 prinsip əsasında sülh danışıqlarına getməli, bunu imzalamalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir