Modern.az

Bu qanun layihələri plenar iclasa təklif edildi

Bu qanun layihələri plenar iclasa təklif edildi

Parlament

7 Oktyabr 2022, 16:02

Oktyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

 

Sonra Əli Hüseynli gündəliyin birinci məsələsi - “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (birinci oxunuş) ilə əlaqədar fikirlərini açıqlayıb. Bildirib ki, 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilib. Hər il İnsan hüquqları üzrə müvəkkil parlamentdə məruzə ilə çıxış edir, digər hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir, bununla yanaşı, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir. O, ötən müddət ərzində bir sıra qanunların qəbul edildiyini və İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətlərinin  genişləndirildiyini söyləyib.

 

Əli Hüseynli diqqətə çatdırıb ki, bu gün müzakirəyə çıxarılan qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Bu layihəyə əsasən, ombudsmanın səlahiyyətləri bir qədər də genişləndirilir.

 

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd olunub ki, ölkədə həyata keçirilən hüquqi islahatlar kontekstində bu Konstitusiya Qanununa da dəyişiklik edilməsi zərurəti yaranıb.

 

Diqqətə çatdırılıb ki, sənəddə həm dövlət maraqları baxımından, həm də ombudsman təsisatının səlahiyyətlərinin genişləndirilməsi, dövlət qurumları ilə münasibətlərinin tənzimlənməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli dəyişikliklər təklif olunur. Bununla yanaşı, Konstitusiya qanununa “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın, “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan müddəalar da təklif olunur ki, bu da beynəlxalq təşkilatların verdiyini tövsiyələrin icrası baxımından önəmlidir.

 

Bildirilib ki, sənəd insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına öz töhfəsini verəcək.

 

İclasda komitənin sədr müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Fəzail Ağamalı, Azay Quliyev, Sabir Hacıyev, Tahir Kərimli layihə barədə fikirlərini, qeyd və təkliflərini bildiriblər. Deputatlar təqdim  olunan dəyişikliklərin mütərəqqi olduğunu söyləyiblər.

 

Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə millət vəkillərinin suallarını cavablandırıb, onları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.

 

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verilib. Bildirilib ki, layihədə ölümün qeydə alınması, uşağın övladlığa götürülməsi ilə bağlı dövlət qeydiyyatının aparılması, “Elektron məhkəmə” informasiya  sistemindən ötürülən məlumatlar əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı şəhadətnamələrin verilməsi qaydası təkmilləşdirilir.

 

Növbəti məsələ - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar qeyd edilib ki, inzibati məsuliyyətə cəlb etmə və inzibati cərimələrin ödənilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə bir sıra yeni müddəaların əlavə olunması və mövcud müddəalarda dəyişiklik edilməsi təklif olunur.

 

Birinci oxunuşda təqdim olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında digər qanun layihəsində ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi və həmin inzibati xətaya görə tənbeh tədbirinin tətbiq edilməsi ilə əlaqədar Məcəlləyə yeni maddənin əlavə edilməsi nəzərdə tutulub.

 

Sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun  layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verilib. Qanunun yeni redaksiyada təqdim olunan 7.1.4-cü maddəsinə əsasən, icra sənədində  tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i göstəriləcək.

 

Komitə üzvləri bu 4 qanun layihəsini də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 

Daha sonra iclasda ikinci oxunuşda olan məsələlərə - “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

 

Təqdim olunan bu sənədlərin hər biri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

İclasda komitə üzvləri Əminə Ağazadə, Kamal Cəfərov, Nurlan Həsənov, Vüqar İskəndərov, Erkin Qədirli, Elşən Musayev, Madər Musayev, Bəhruz Məhərrəmov, Nizami Səfərov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və digər rəsmi şəxslər iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!