“Cəzanı artırsaq da, hərə öz işində olacaq”
“Mənim nəzərimdə qadınları fahişəliyə cəlb etməkdən ağır bir şey yoxdur”. Bu fikri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə haqqında” qanun edilən dəyişiklikləri müzakirəsi zamanı səsləndirib. Onun dediyinə görə, indi Azərbaycanda fahişəliyə cəlb etmək cinayətinin cəzası məcburi əməyə cəlb etməyə nisbətən azdır və bu cəzaları sərtləşdirmək lazımdır: “Qanunda bildirilir ki, gəlir və ya digər məqsədə fahişəliyə cəlb etməyə görə 2500 və ya 3500 manata qədər cərimə, 160 saat və ya 248 saatadək ictimai iş, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu qədər “və ya” nəyə lazımdır? Qadınları ölkənin xaricində və ya daxilində satmağın nə fərqi var? Bu “və ya”lar cinayətkar insanların cəzalardan qurtulmasına kömək edəcək”.
Siyavuş Novruzov isə əksinə, cəzaları sərtləşdirməkdənsə, bu bəladan yaxa qurtarmağın digər yollarını aramağın tərəfdarı kimi çıxış etdi: “Bu əmələ görə nə maddə qoysan, neçə il cəza müəyyənləşdirsən, cəriməni nə qədər yüksək etsən də, bu işlə məşğul olanlar işində olacaq. Hələ əksinə, cərimələr qalxdıqca, onlar öz stavkalarını da qaldıracaqlar”. S.Novruzov deyib ki, son illər Orta Asiyadan, Rusiyadan, Belorusdan, hətta Filippindən insan alveri ilə məşğul olan insanların Azərbaycana axını başlayıb: “Onlar burada yaşayırlar, pul qazanırlar. Vaxtilə Türkiyə də belə bir dövr yaşayırdı. O vaxt Mustafa Kamal Atatürk bu məsələ haqda parlamentdə geniş çıxış etmişdi. Demişdi ki, Fransadan qadınlar Türkiyəyə gəlir, burada yaşayır, bir neçə il sonra milyoner kimi çıxıb gedirlər. Biz də hansısa yolla qarşısını almağın yolları tapılmalıdır. Vaxtilə qara bazarda hamı dollar satırdı. İndi hamı gedib exchange-də pul dəyişir. Bunun da mexanizmi tapılmalıdır”. Deputat adətən siğənin də insan alveri kimi qiymətləndirildiyini söylədi: “Polis deyir alverdi, tərəflər deyir ki qarşılıqlı anlaşma ilə olub. Bunu kim müəyyənləşdirəcək? İndi hamı milli-mənəvi dəyərdən danışacaq, İslam övladı olacaq, amma reallıq belədir”.
Ziyafət Əsgərov Siyavuş Novruzovdan fikirlərini dəqiqləşdirməsini istədi: “Özünüz milli-mənəvi dəyərlərdən danışırsınız. Amma sonra da bunun leqallaşdırılmasını istəyirsiniz?” Siyavuş Novruzov “Leqallaşdırmaq demirəm. Sadəcə dünya praktikasının tətbiq olunmasını istəyirəm” cavabını verdi. Vitse-spiker isə dünya praktikasının elə leqallaşdırmaqla bağlı olduğunu dedi: “İnsan alveri transmilli cinayətdir və böyük bir bəladır. Bu cür cinayətlərə görə sərt cəzalar olmalıdır. Demirəm ki, hər kəsi tapıb cəzalandıracağıq. Amma cəza sərt olacaq”.
Modern.az