Modern.az

Deputatlardan İsa Həbibbəylinin AMEA prezidenti seçilməsinə REAKSİYA 

Deputatlardan İsa Həbibbəylinin AMEA prezidenti seçilməsinə REAKSİYA 

Parlament

25 Oktyabr 2022, 17:20

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti məlum olub. Elm və təhsil komitəsinin üzvü, akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.

 

O, AMEA-nın toplantısından sonra mediaya açıqlamasında deputat mandatından imtina edib-etməyəcəyinə aydınlıq gətirib və bu məsələnin gündəmdə olmadığını söyləyib. 

 

İsa Həbibbəyli, həmçinin yeni vəzifəsində hədəflərini də açıqlayıb.

 

“Qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək və dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur. Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək və dünya elminin nailiyyətlərini ölkəmizə gətirək”, - deyə akademik bildirib.

 

Bəs, AMEA-nın yeni sədrindən gözləntilər nədir? O, akademiyanın illərdir yığılıb qalmış problemlərini həll edə biləcəkmi? 

 

Modern.az bu suallara cavab tapmaq üçün İsa Həbibbəylinin üzvü olduğu parlamentin Elm və təhsil komitəsinin deputatlarına müraciət edib.

 

 

Deputat Ceyhun Məmmədov deyib ki, AMEA-da gedən prosesləri dərindən bilən alimlərdən biri də məhz İsa Həbibbəylidir. Parlamentari Akademiyanın qarşısında ciddi vəzifələrin durduğunu söyləyib.

 

“İsa Həbibbəyli AMEA-da vitse-prezident vəzifəsində çalışırdı. O, həm də İnstitut direktorudur. İnanırıq ki, akademiya qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gələcək. Hesab edirəm ki, AMEA-nın qarşısında çox mühüm vəzifələr durur. Bu vəzifələrdən biri odur ki, qurum daxilində islahatların aparılmasına ehtiyac var. Akademiyada həllini gözləyən məsələlər var, bunlardan biri alimlərin həyat şəraitinin yaxşılaşdırılmasıdır. Dünyada elm sahəsində davamlı olaraq yeni çağırışları görürük, AMEA sistemində də çağırışlara cavab verəcək addımların atılması gözlənilir. Elmi mühitin gücləndirilməsi önəmlidir. Hesab edirəm ki, alimlərimiz dövlətin həyata keçirdiyi siyasətdə fəal iştirak etməlidirlər”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

 

 

Deputat Etibar Əliyev isə vurğulayıb ki, AMEA-nın akademikləri İsa Həbibbəyliyə etimad göstəriblər:

 

“O, uzun illərdir akademiya sistemində çalışır, yaxşı alim kimi tanınır. Milli Məclisdə Elm və təhsil komitəsinin sədri vəzifəsində çalışıb, indi də həmin komitədə birgə təmsil olunuruq. Akademiyanın yeni strukturu haqqında yeni təklifləri eşitmişəm, kifayət qədər önəmli, müasir çağırışlara uyğun təkliflərdir. İsa Həbibbəyli həm də İnstitut direktorudur, kifayət qədər təcrübəsi var. Düşünürəm ki, o, humanitar elmlərin inkişafında bilik və statusundan istifadə edəcək. Akademiyada çalışan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasında və orada normal elmi mühitin yaradılmasında İsa müəllim öz töhfəsini verəcək”.

 

Həmçinin oxuyun:

Kənd məktəbindən AMEA prezidentliyinə... - 73 yaşlı İsa Həbibbəylinin dosyesi

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi