Son zamanlar ADP sədri Sərdar Cəlaloğlunun tarixi şəxsiyyətlərlə bağlı səsləndirdiyi fikirlər ölkədə birmənalı qarşılanmır. Əvvəlcə xalq şairi Səməd Vurğunu təhqir edən (S.Cəlaloğlu S.Vurğun barəsində “dılğır” ifadəsi işlədib-red.) partiya sədri növbəti dəfə Qaçaq Nəbinin həyat yoldaşı olmuş Həcərin ünvanına kəskin fikirlər söyləyib. Bununla bərabər, S.Cəlaloğlu Qubadlı camaatını da hədəfə alaraq bildirib ki, onlar Həcər ruhunda olduqları üçün torpağını düşmən tapdağında qoyub qaçblar.
"Düzdür, Qaçaq Nəbinin xidmətləri olub, vuruşub. Ancaq Həcər o qadındır ki, Nəbi öləndən sonra bir neçə kişiyə ərə gedib. Bu qadını Azərbaycan xanımlarına necə nümunə göstərək? Onlar özlərinə qəhrəman obrazı seçmək istəyirlərsə, Sultan bəy kim adamı nümunə götürsünlər. Erməni ilə vuruşub, Andronikin qulağını kəsib. Yoxsa Həcər kimi nümunə yox. Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı"-deyə S.Cəlaloğlu bildirib.
Modern.az saytına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkili seçilmiş İmamverdi İsmayılov bu cür halların yolverilməz olduğunu vurğulayıb:
“Milli-mənəvi dəyərlərlə bağlı cəmiyyətdə ciddi deqradasiya gedir. Təəssüfləndirici haldır ki, bu cür məsələlərə siyasətçilər də mənfi qatlar əlavə edirlər. Halbuki onlar bunun əksini etməyə borcludurlar. Zamana uyğun olaraq hər bir insanın səhvi ola bilər. Amma hər bir şəxsə onun yaşadığı zamana uyğun qiymət vermək lazımdır. Bugünki prizmadan tarixi şəxslərə qiymət vermək, onları aşağılamaq kimsəyə şərəf, başucalığı gətirməyəcək. Dünyasını dəyişmiş insanları təhqir etmək mənəviyyata sığmayan məsələdir”.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Astan Şahverdiyev isə Sərdar Cəlaloğlunun fikirlərinə qısaca olaraq belə cavab verib: “Sərdar Cəlaloğlu kimi adamlar məni maraqlandırmır. O, tarixin qara ləkəsidir”.
“Səməd Vurğun haqqında söz demək üçün tərəzidə onunla uyğunluq lazımdır. Sərdar Cəlaloğlu hara, Səməd Vurğun hara?!”. Bunu isə Modern.az-a açıqlamasında 107 saylı Qazax seçki dairəsindən millət vəkili Əhməd Vəliyev bildirib. O, ADP sədri Sərdar Cəlaloğlunun açıqlamalarına münasibət bildirərkən qeyd edib ki, məsələni müzakirəyə çıxarmağa ehtiyac yoxdur.
Aqşin Kərimov