Modern.az saytı xəbər verir ki, Milli Məclisin 30 aprel tarixli iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Seçki Məcəlləsinə bir sıra dəyişiklik edilməsi təklifi irəli sürüb. YAP-çı deputat bildirib ki, Seçki Məcəlləsində seçki günü adı siyahıda olmayan vətəndaşların hüquqlarını bərpa edilməsinə dair bənd dəyişdirilməlidir.
“Əvvəlki qaydaya qayıtmaq lazımdır. Seçici şəxsiyyət vəsiqəsi ilə seçkidə səsverməyə buraxıla bilər. Seçki siyahıları iki ay öncədən məntəqədən asılır. Bu müddət ərzində isə bəzi seçicilərin 18 yaşı tamam olur. Bundan başqa, bəziləri öz yaşayış yerlərini də dəyişirlər. Odur ki, şəxsiyyət vəsiqəsi ilə səsverməyə buraxılması məsələsini təklif edirəm”.
Siyavuş Novruzov seçki qərargahları ilə bağlı da fikirlər səsləndirib. O bildirib ki, namizədlərin seçki qərargahlarının hüquqi statusu ilə bağlı Mərkəzi Seçki Komissiyası səlahiyyət müəyyən etməlidir.
“Hazırda seçki haqqında qanunda namizədin səlahiyyətli nümayəndəsi anlayışı var. Seçki qərargahlarının hüquqi statuslarının müəyyən olunması həll edilməlidir. Bundan sonra seçkidə iştirak edən namizədlərin qərargahlarının hansı formada fəaliyyət göstərməsi hüquqi cəhətdən tənzimlənə bilər”.
Millət vəkili Seçki Məcəlləsinin qeyri-demokratik olması ilə bağlı səslənən ittihamlara da cavab verib.
“Azərbaycandakı Seçki Məcəlləsi seçkinin demokratik keçirilməsi üçün geniş imkanlar verir”-deyə o, vurğulayıb. Siyavuş Novruzov müxalifətin seçki kampaniyasının müddətinin 90 günədək uzadılması barədəki fikirlərini ciddi şəkildə tənqid edib. O, bildirib ki, qanunda göstərilən 23 gün müddəti namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaq üçün kifayət edir.
“Bu seçki kampaniyası namizədlərin özünü tanıtması üçün deyil. Əslində namizədliyini irəli sürmüş şəxs seçkiyə qədərki fəaliyyəti ilə tanınmalıdır və xalq onun kim olduğunu bilməlidir. Amma ötən seçkilərdə kampaniyanın rəsmən başlanmasına baxmayaraq, müxalifət partiyaları öz namizədlərini belə, müəyyənləşdirə bilməmişdilər. Odur ki, bu onların öz problemidir”.
***
Milli Məclisin iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər barədə Əli Hüseynli danışıb. Dəyişikliyə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə Əmək Məcəlləsinə görə, iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.
Layihəni təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik vətəndaşların istirahət hüququn tənzimlənməsinə xidmət edir.
Həmçinin Məcəlləyə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, "Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır".
Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.
Səsvermə ilə Seçki Məcəlləsinə dəyişiklik qəbul edilib.
Modern.az