Modern.az

Eks-baş nazir deputatın təklifinə qarşı: "Həsənquliyev yeni bir şey deməyib"

Eks-baş nazir deputatın təklifinə qarşı:

Parlament

1 Dekabr 2022, 10:42

Milli Məclisin noyabrın 29-da keçirlən iclasında deputat Qüdrət Həsənquliyev təklif edib ki, müstəqil Azərbaycanın adını dəyişib Şimali Azərbaycan qoyaq.

“Hesab edirəm ki, biz yeni Konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi azərbaycanlılar üçün stimul olar”, -  o, deyib.

Azərbaycanın bütövlüyündən danışıldığı vaxtda belə bir təklifin verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Bu fikrə kəskin etiraz edənlər də var.



Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az-a bildirib ki, belə müzakirələr hələ müstəqilliyin ilk illərində gündəmə gəlmişdi:


“Müstəqilliyimizin bərpasından sonra,dəfələrlə, bu mövzuda müzakirələr gedib. Əslində, bu təklif doğru təklifdir. Bizim yerləşdiyimiz ərazi Şimali Azərbaycandır. Ancaq unutmamalıyıq ki, bu gün biz ayrılıqdan yox, bütövlükdən danışırıq. Ona görə də, belə çıxışlarla, qərarlarla tələsmək lazım deyil. Çox keçməyəcək görəcəyik ki, Azərbaycan şimallı-cənublu bütövdür. Yəni bir müddət sonra heç dövlətin adının dəyişdirilməsinə ehtiyac qalmayacaq”.
 

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, o bu təklifin əleyhinədir:
 

“Qüdrət Həsənquliyev Milli Məclisin iclasında səsləndirdiyi təklif təzə hadisə deyil, yəni, yeni bir şey deməyib. Hələ müstəqilliyimizin bərpa olunduğu ilk illərdən belə fikirlər səsləndirilib. Bu fikir Azərbaycanın iki yerə parçalandığına, eyni zamanda, Azərbaycanın daha geniş tarixi, siyasi coğrafiyada yerləşdiyinə diqqəti çəkmək üçün dilə gətirilib. Yəni ictimai müzakirələrdə zaman-zaman belə fikirlə çıxış edənlər olur. Təbii ki, bu insanların düşüncə azadlığıdır. Ancaq mən bu fikrin tərəfdarlarından deyiləm. Vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, mərhum prezident Əbülfəz Elçibəy də Şimali, Cənubi Azərbaycan terminlərinə qarşı çıxmışdı. O deyirdi ki, bir Azərbaycan var. Sadəcə olaraq onun güneyi, Şərqi və Qərbi var”.

Pənah Hüseyn deyib ki, Azərbaycan dövləti vahiddir, biz Bütöv Azərbaycan üçün çalışmalıyıq. 

"Azərbaycanın vahid coğrafi ərazi kimi qəbul edilməsi bizim xeyrimizədir. Azərbaycan Respublikası adı milli sərvətimiz, eyni zamanda milli atributumuzdur. Beləliklə, bu cür çıxışları məqsədəmüvafiq hesab etmirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü