Modern.az

“Makron fransızların deyil, Fransadakı ermənilərin prezidentidir” - Deputat

“Makron fransızların deyil, Fransadakı ermənilərin prezidentidir” - Deputat

1 Dekabr 2022, 10:22

“Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bu ölkənin ölkəmizə qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin növbəti təzahürüdür”.

Bunu Modern.az-a açıqlamasında Milli Məcılisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat xatırladıb ki, Fransa eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də Azərbaycana qarşı göstərmişdi.

“Bir fransız siyasətçinin dediyi kimi, son proseslər bir daha göstərdi ki, Makron fransızların deyil, Fransada yaşayan ermənilərin Prezidentidir. Makronun bu qətnamənin qəbul edilməsinə ciddi cəhdlə çalışması bunu bir daha təsdiq edir. Bu, eyni zamanda, Makronun Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir.

Bu zaman belə bir sual yaranır: əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, Qarabağda 67 məscidimiz, yeganə pravoslav kilsəsi barbarcasına dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçurularkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi? Demək ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi var”.



C.Məmmədov bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra Ermənistan və erməni xalqı üçün regionun əsas aparıcı və güclü dövlətləri olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yeni imkanlar yaranmışdı. Ermənistan yenə bu imkanlardan yararlana bilmədi və yenə düşmənçilik yolunu seçdi.

“Bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar göstərir ki, bir sıra dövlətləri bölgədə sülhün bərqərar olmasında deyil, qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar. 

Əgər Fransa və ya Ermənistanın digər hansısa havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilər, yanılır. Azərbaycanın xalqının və Prezidentinin mövqeyi prinsipial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yenə Ermənistan və erməni xalqı olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı