Ərazisi işğal edilmiş ölkələrin əksəriyyətində zəbt olunmuş torpaqlarla bağlı müvafiq qanun qəbul edilsə də, bu məsələ uzun illərdir ki Azərbaycanda açıq qalır. Baxmayaraq ki, Azərbaycan Respublikasının 20 faiz ərazisi 20 ildən çoxdur düşmən tapdağı altındadır. Belə bir qanunun qəbul olunmamasının nəticəsidir ki, xarici ölkələrin deputatları, alimləri, turistləri, iş adamları vaxtaşırı olaraq Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edirlər.
Bununla bağlı Milli Məclisin plenar iclaslarında ayrı-ayrı millət vəkilləri tərəfindən dəfələrlə məsələ qaldırılsa da, hər hansı sənəd qəbul olunmayıb.
İşğal altındakı Ağdam rayonundan seçilən deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov məsələ ilə bağlı mövqeyini Modern. az saytına açıqlayıb.
O qeyd edib ki, Qarabağ münaqişəsi beynəlxalq miqyaslı problemdir: “Bununla bağlı dünya üzrə ən mötəbər qurum olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in Minsk Qrupu sırf bu münaqişənin həlli istiqamətində çalışır. Avropa Şurası, Avropa İttifaqı da bu məsələlərlə məşğul olur. Əgər deyilsə ki, dünyada hansısa bir dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı yoxdur, bu, hamını təəccübləndirər. Bu həmin ölkədə sərbəst informasiyanın yoxluğu kimi qiymətləndirilə bilər. Azərbaycanın işğal altındakı ərazilərilə bağlı xüsusi qanunun qəbul edilməsi bir neçə dəfə Milli Məclisdə səsləndirilib. Bu təklifin tərəfdarları və əleyhdarları da olub. Belə bir qanunun qəbulu nə verəcək-nə verməyəcək, hələ bilinmir. Məsələ ilə bağlı həm Milli Məclisin özü, həm millət vəkilləri, həm də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) münasibət bildirir. İndiki mexanizm belədir ki, XİN bizim razılığımız olmadan da işğal altındakı ərazilərimizə səfər edən əcnəbiləri Azərbaycan üçün arzuolunmaz şəxs adlandırıb, adını “qara siyahı”ya salır və Azərbaycana nə vaxtsa gəlmək istəyəndə buna imkan vermir. Bəlkə də bu məsələləri qanuna salmaq olar. Hər halda, mən hesab edirəm ki, zəbt olunmuş torpaqlarla bağlı müvafiq qanun qəbul oluna da bilər, olunmaya da. Hələlik o qanunun yoxluğu bu sahədə bizim işi aparmağımıza maneçilik törətmir. Əgər Milli Məclisdə məsləhət bilinsə, mən də etiraz etmərəm, qanunun qəbuluna dəstək verən insanlardan biri olaram. Bizim mübarizəmiz dayanmır və dayanmadan da davam etməlidir. Bütün səviyyələrdə Azərbaycan iqtidarı da, Azərbaycanın hər bir millət vəkili də Dağlıq Qarabağ münaqişəsini daim gündəmdə saxlayırlar”.
Ağdamlıların Milli Məclisdəki digər təmsilçiləri Aqil Abbas isə zəbt olunmuş torpaqlarla bağlı müvafiq qanun qəbulu məsələsi haqda xəbəri olmadığını qeyd edib.
Ulduz İBRAHİMOVA