Modern.az

Üçtərəfli parlamentlərarası dialoqun vaxtı açıqlanacaq

Üçtərəfli parlamentlərarası dialoqun vaxtı açıqlanacaq

Parlament

10 Dekabr 2022, 13:07

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
 

"Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, o cümlədən Rusiya ərazisində müvafiq üçtərəfli yüksək səviyyəli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, - diplomat bildirib.
 

Onun sözlərinə görə, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur.
 

"Biz həmçinin, iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında müntəzəm təmaslar hazırlayırıq. Birgə səylərin bu mühüm sahəsi Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub", - Qonçar əlavə edib.

Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə təşəbbüsü dəstəklənən üçtərəfli parlamentlərarası dialoq da bu prosesə öz töhfəsini verə bilər.

"Müvafiq görüşlərin vaxtı yaxın zamanlarda açıqlanacaq", -Qonçar deyib.


Qonçar diqqəti oktyabrın 31-də Soçidə keçirilən sammitə çəkərək, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərə ciddi əməl etməyə sadiq olduqlarını təsdiqlədiklərini xatırladıb. Deyib ki, Soçi görüşünün yekunlarına dair bəyanatla Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasının yol xəritəsini formalaşdırmaq nəzərdə tutulub.

"Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində əsas rolunu bir daha vurğulamaq istərdim. Üç ölkənin lideri bunu Soçi sammitində xüsusi qeyd etdilər və regionda vəziyyəti sabitləşdirmək üçün sülhməramlılarla bağlı tələbini vurğuladılar”, - o əlavə edib.

Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin açılmasına gəlincə, diplomat qeyd edib ki, dekabrın 6-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun 11-ci iclası keçirilib.

"Üç ölkə arasında və regionda dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili məsələləri ətraflı müzakirə olunub. Azərbaycan və Ermənistan tərəfləri Rusiyanın nəqliyyat kommunikasiyalarının açılmasındakı səylərindəki müsbət qiymətləndiriblər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!