Modern.az

Zeynəb Xanlarova: “Hər şeyi müxalifətin boynuna atırlar”

Zeynəb Xanlarova: “Hər şeyi müxalifətin boynuna atırlar”

7 May 2013, 13:09

"Prezident Aparatında elə insanlar var ki, təxribat yaradırlar" 


Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən xalq artisti Zeynəb Xanlarova Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirlərini bölüşüb: “O, elə bir dahidir onun haqında yazılan kitablar, deyilən sözlər onun qarışısında çox sönük görünür. O, Allah tərəfindən yer üzünə göndərilən bir möcüzədir. Xoşbəxt xalqıq ki, Heydər Əliyev bizim payımıza düşüb. Hər kəsə bir istedad verilib. Mənə oxumaq istedad verilib. Danışığımı mənə bağışlamaq olar. Hərdən çox əsəbləşirəm, gülürəm – o insanlara ki, Heydər Əliyevə qarşı çıxırdılar. Həmin adamlar indi də Heydər Əliyevin çörəyini yeyir, prezident Aparatında oturublar. Mən ürəkdən Heydər Əliyevin ailəsinə bağlı olan insanam. “91-lər” mənim evimə toplaşanda   Sirus Təbrizli deyirdi  ki, bu kişinin çörəyini yeyirlər, amma onların qapısına gedirəm, deyirlər ki, “uzaq eləyin” indi həmin adamlar “Heydər Əliyev, İlham Əliyev” deyirlər. Sonra da deyirlər kişi sözü. Dünən bir cür, bu gün bir cür olmayın. Sevirsinizsə, o vaxt da sevərdiniz”

Oqtay Əsədov Zeynəb xanımın sözünü kəsərək “İndi ağılları başlarına gəlib”-deyə bildirib.  

Z.Xanlarova bu replikadan sonra gülərək sözlərini davam etdirib: “Vallah, mən hələ hər şeyi demirəm, amma Prezident Aparatında elə insanlar var ki təxribatı yaradanlar onlardır. Halbuki, hər şeyi müxalifətin boynuna atırlar. Düşmən odur ki, sənin qabağında obraza girir, artistlik edirlər. Necə ki, mənim üçün artistlik deyirlər, həmin adamlar anadangəlmə artisdirlər”.  

Sonra Zeynəb Xanlarova H.Əliyevin xatirəsinə bir şeir parçası da səsləndirdi: “Oxuyum ki ruhu şad olsun, elə bilirəm ki onun üçün oxuyuram” .

Çıxışının sonunda prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadan da danışıb. “Boğazdan yuxarı nə qədər söz demək olar, qoy, ürəkdən gələn sözləri deyək. İlham müəllimin hakimiyyətə gəlməyi hər kəsi çox sevindirdi. Mehriban xanımı isə  Janna Darka oxşadıram. O,  Azərbaycanın Dianasıdır, yetim-yesir anasıdır. Yeddi-səkkiz prezident görmüşəm. Heç bir qadın bu qədər insanların içində olmayıb. Məktəblərdir, bağçalardır, hamının əlləri göydədir Allah bu ailəni Azərbaycan xalqından əksik etməsin”.  

Modern.az  

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım