Modern.az

Azərbaycan-Ermənistan parlament forumu - Deputatlar ATƏT sədrinin təklifi haqda nə düşünürlər? - RƏYLƏR

Azərbaycan-Ermənistan parlament forumu - Deputatlar ATƏT sədrinin təklifi haqda nə düşünürlər? - RƏYLƏR

8 May 2013, 18:09


ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan nümayəndə heyətinin bir-biri ilə danışa biləcəyi parlament forumun keçirilməsi haqqında təklif irəli sürüb.

Modern.az məsələ ilə bağlı ATƏT-in Parlament Asambleyasındakı Azərbaycan nümayəndə heyəti üzvlərinin fikirlərini öyrənib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov belə bir görüşün tərəfdarı olduğunu bildirib. “Təki Dağlıq Qarabağ problemi sülh yolu  ilə həll olunsun, ermənilər ərazilərimizi boşaltsın. Amma bunun hansı mexanizmlə həyata keçiriləcəyini deməyə çətinlik çəkirəm, çünki parlament səviyyəsində görüş keçirmək və bunu haradasa təşkil etmək çətindir. Əvvəl icmaların görüşünün keçirilməsi fikri səslənirdi, amma bu da tam grçəkləşmədi. ATƏT və ya Avropa Şurasında Azərbaycandan və Ermənistandan olan deputatları bir yerə yığıb söhbətlər aparmaq olar, amma bütün parlamentin görüşməsi çətin məsələdir”.

Millət vəkili Azay Quliyev qeyd edib ki, Azərbaycan heç vaxt dialoq, təmasdan qaçmayıb, əksinə, həmişə onun tərəfdarı olub. “İndi də düşünürəm ki, biz bu təklifə baxa bilərik. Amma istənilən halda bu gün görüşlərin, təmasların konkret predmeti olmalıdır. Bu predmet özü isə yalnız münaqişənin həlli, münaqişənin hansı mexanizm çərçivəsində aradan qaldırılması olmalıdır. Yəni buna öncə Ermənistan tərəfi hazır olmalıdır. Ermənistan tərəfi sülhün əmin-amanlığın yaranması, konfliktin həlli üçün xoş niyyət sərgiləməlidir. Bu niyyət və bununla bağlı adi siqnal olmayınca düşünürəm ki, bu cür görüşlərin və tədbirlərin əhəmiyyəti o qədər olmayacaq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova vurğulayıb ki, Azərbaycan-Ermənistan nümayəndə heyətinin görüşünün keçirilməsi ideyası öz-özlüyündə pis deyil.

“Ötən il ATƏT-in yay sessiyasında Xorvatiyada olarkən Dağlıq Qarabağ problemi ilə əlaqədar böyük dinləmələr keçirildi. Həmin dinləmələrdə həmsədr ölkələrin nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin gələcək həlli ilə bağlı öz münasibətlərini bildirdilər. Bununla əlaqədar dəfələrlə həmsədr dövlətlərin nümayəndələri bölgələrdə də olublar, mövcud durumu çox gözəl bilirlər. Amma hələlik konkret mövqe qoyulmayıb. İlk növbədə Misnk Qrupunun həmsədrlərinin öz münasibətinin dəqiq bildirilməsinə böyük ehtiyac var”.

R.Aslanova qeyd edib ki, görüş keçirilsə belə, bir nəticə əldə edilməyəcək. “Bütün problemlər nəticə etibarı ilə Ermənistanın qeyri-konstruktiv mövqeyinə söykənir, çünki Azərbaycan tərəfi problemin həlli ilə əlaqədar problemin həllində israrlıdır, ərazi bütövlüyümüzün tam təmin olunmasını istəyirik. Belə görüşlərin keçirilməsinə optimist yanaşmıram. Parlament qrupunun üzvləri, ATƏT-də olan Ermənistan və Azərbaycan nümayəndələri görüşə bilər, amma nəticə etibarı ilə bunun nəsə verəcəyinə bir o qədər də inanmıram”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım