Ötən gecə Argentina millisi Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı-2022-nin qızıl medalını qazandı. Final oyununda Fransanı məğlub edən Argentina komandası tarixində üçüncü dəfə munidalın qalibi oldu.
Final qarşılaşması futbol azarkeşlərində müxtəlif təəssüratlar formalaşdırdı.
Modern.az saytı deputatların Argentina-Fransa oyunu haqda fikirlərini təqdim edir:
Fazil Mustafa bildirib ki, budəfəki Dünya Çempionatı bizim üçün o qədər də maraqlı olmadı:
“Çünki orada nə Azərbaycan, nə də Türkiyə komandaları vardı. Çempionatın müsbət tərəfi o oldu ki, Azərbaycan futbolçuları Mbappedən, Messidən daha çox fədakarlıq öyrənmək imkanı əldə etdilər. Necə olur ki, Mərakeş Dünya Çempionatda iştirak edə bilir, Azərbaycan, Türkiyə iştirak edə bilmir. Messiyə görə Argentinanın qalib gəlməyini istəyirdim. Amma Argenitana da Fransa kimi erməniyönlü dövlətdir. Sabah Qarabağla bağlı istənilən qərarı qəbul edə bilərlər”.
Ceyhun Məmmədov bildirib ki, finalı sona kimi həyəcanla izləyib:
“Fransanın bizə qarşı həyata keçirdiyi düşmən siyasətinə görə böyük əksəriyyət arzulayırdı ki, Argentina qalib gəlsin. Prosesi diqqətlə izləyirəm və gördüyüm odur ki, azarkeşlərimizin istəyi Fransaya bir mesaj oldu. Fransa da pis oynamırdı, ancaq apardığı siyasətə görə ölkə olaraq onları dəstəkləmirdik”.
Qənirə Paşayeva Facebook-da qeyd edib ki, Makronu pərt edən Argentinaya, onun kapitanı Messiyə eşq olsun:
“Makronun ayağı dəyən yerdə ancaq uğursuzluq var. Fransa bacısı Ermənistanla birlikdə doyunca ağlasın. Hər zaman inşallah!”.
Tahir Mirkişili də Argentinaya azarkeşlik edib:
“Futbol meydançasında olduğu kimi, şahmat taxtasında ən böyük fiqur kubok, qalib isə Messi oldu! Tarixin ən yaxşı futbol oyunçusu!”,- deyə deputat fikirlərini sosial şəbəkədə Messinin şəklini paylaşmaqla ifadə edib.
Razi Nurullayev isə təəssüratını belə yazıb: “Argentina, təbrik edirəm. Sevindim, həm də çox. Zaman olsun ki, Azərbaycanın dünya çempionatında qələbəsinə sevinək”.
Musa Qasımlı finalda Fransanın uduzmağına çox sevinib:
“Üstünə özü böyüklükdə daş düşmüş, qıçları qırılmış, xoruz kimi güclə banlaya-banlaya ölkəsinə qayıdan bacının halı belədirsə, görün kiçik bacı nə gündədir!”.