Modern.az

Milli Məclisdə miqrasiya problemləri müzakirə olundu

Milli Məclisdə miqrasiya problemləri müzakirə olundu

15 May 2013, 16:38

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuq komitəsi, Sosial siyasət komitəsi və İnsan hüquqları komitəsinin birgə iclasında Miqrasiya Məcəlləsi müzakirə olunub. Modern.az xəbər verir ki, sənəd barədə öncə Hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, bu Məcəlləyə indiyədək bu sahədə qəbul edilmiş sənədlər aiddir. Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, bu sahədə yaranan münasibətlərin tənzimlənməsində, habelə əcnəbilərin və vətəndaşı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.

Daha sonra müzakirələr başlayıb. Çingiz Qənizadə tədbirdə maraqlı çıxışlar edib. O bildirib ki, yetkinlik yaşına çatmayan azərbaycanlının ölkədən getmək məsələsi sual doğurur. “Əgər bir ata ailəni tərk edib gedibsə, ondan səs-soraq yoxdursa, bütün məsuliyyət ananın üzərinə düşür. Ancaq ana istədiyi kimi övladını xaricə, ya da istirahət etməyə göndərə bilmir. Bu da ondan ibarətdir ki, atanın da buna razılığı olmalıdır. Bu Məcəllədə bu məhkəmə yolu ilə tənzimlənir. Bununla razılaşmıram, çünki məhkəmə uzana bilər. təklif edirəm ki,  məhkəmə sözünü müvafiq icra qurumu sözü ilə əvəz etmək lazımdır. İstənilən halda kənddə icra nümayəndəsinin arayışı ilə bu məsələni arayışla həll etmək olar”.

Müzakirə olunan məsələlərdən biri də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların Azərbaycana gəlmələri ilə bağlıdır. “Burada başqa bir məqam da var ki, hər hansı azərbaycanlı bura gəlirsə, biz məcburi şəkildə 3 aydan bir onları sərhədi o tərəfə keçirib qaytarmalıyıq. Bu da doğru hal deyil. 30 il Azərbaycanda yaşayıb, sonra isə Rusiyaya gedib oranın vətəndaşlığını qəbul edib. Biz buna niyə sədd qoymalı deyilik? Bu doğru yanaşma deyil”, – deyə Ç.Qənizadə vurğulayıb. Flora Qasımova da məsələləri dəstəkləyib. “Ana əziyyət çəkib uşağını böyüdüb, ata da yoxdur. Uşağın hüquqları niyə anaya verilməli deyil? Lap Azərbaycanda doğulub xaricdə vətəndaşlıq qəbul etmişlərin Azərbaycana gələn zaman problemi olur. Belə bir məsələ də var ki, Azərbaycanda yaşayan ailə 2 illiyə xaricə gedir. Onların özləri Azərbaycan vətəndaşıdır, ancaq övladlarına doğulduğu ölkənin vətəndaşlığı verilir.O, buraya gələndə də belə problemlərlə üzləşir”. Qeyd edək ki, bundan öncə Çingiz Qənizadə bildirib ki, bu məsələlərdə dəstək almağa çalışacaq. Flora Qasımova da bildirib ki, bu məsələdə Çingiz Qənizadəni müdafiə edir.  Deputat Aytən Mustafayeva da özündən əvvəl çıxış edən həmkarlarını dəstəkləyib. O bildirib ki, bununla bağlı dəfələrlə seçicilərdən məktub alıb. “İnsan hüquqları institutunun direktoruyam. Bu məsələlərlə yaxından tanışam. İnsanların ölkədən getmək, ölkədən gəlmək məsələləri ilə bağlı işləri daha asanlaşdırmaq lazımdır. İnsanlara əlavə problem yaradılmalı deyil”.

Fazil Mustafayev bildirib ki, Borçalıdan olan azərbaycanlının əcnəbi ilə heç bir şərt qoyulmaması yolverilməzdir. Yevda Abramov da bu məsələni dəstəklədiyini deyib. Ancaq o bildirib ki, 21-ci əsrdə belə biabırçı hərəkətlər yolverilməzdir.

O bildirib ki, xalqa xidmət edən qanunlara səs verməliyik. “Yoxsa əlimizi qaldırıb düyməni basmalı deyilik. Tanışım Azərbaycana gəlib. 3 ay vaxt keçdiyinə görə gedib sərhədin bəri tərəfində gözləyib. Və daha sonra geri qayıdıb. Belə hallar yolverilməzdir”. Deputat Rauf Əliyev bildirib ki, bununla bağlı konkret fakt var ki, tanınmış bir idmançının atası, anası Azərbaycan vətəndaşıdır, özü isə deyil. “O, 3 aydan bir sərhədi keçib qayıtmalıdır ki, ölkədən deportasiya olunmasın”.  

Modern.az
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...