Ölkənin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin xüsusi rolu var. Bu baxımdan parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Bunu da qeyd edək ki, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur.
Modern.az xəbər verir ki, bu gün parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Məlum olduğu kimi, Azərbaycan iki il əvvəl əldə olunmuş zəfərdən sonra müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Bununla birlikdə zəfərdən qıcıqlanıb ölkəmizə əks mövqedə olanlar, beynəlxalq platformalarda bizə əks olanlar da az deyil.
Buna baxmayaraq, Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirməkdədir.
Ölkəmizin nüfuzunun artmasında parlamentin də rolu böyükdür. Belə ki, hazırda Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir.
Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Ötən illərlə müqayisədə Azərbaycan parlament diplomatiyasının müdafiədən çıxaraq hücuma keçdiyini görürük. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini də əlavə etsək, onda Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində nə qədər vacib rol oynadığını görə bilərik.
Parlament həmçinin Azərbaycana qarşı ittihamlara da layiqli cavab verir, əhəmiyyətli hadisələrə qanuni olaraq adekvat tədbir görür.
Parlamentin xarici siyasəti
Azərbaycanın xarici siyasətinin formalaşmasında, inkişafında parlamentlərarası işçi qrupları mühim yer tutur. Ötən il bir neçə ölkə ilə parlament səviyyəsində işçi qruplar yaradılıb.
Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində də qeyd olunub.
Qərar layihəsinə əsasən, Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis, Azərbaycan-Monqolustan işçi qrupları yaradılıb.
Bununla birlikdə deputat Ramin Məmmədov Azərbaycan-Kamboca, Məşhur Məmmədov Azərbaycan-Sinqapur, Ziyafət Əsgərov Azərbaycan-Tunis, Zahid Oruc isə Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təyin edilib.
Bundan başqa xarici siyasətdə uğurlu addım olaraq parlamentdə qəbul edilən qanun layihələrini də qeyd etmək lazımdır.
Belə ki, Azərbaycanın İsraildə səfirliyi təsis edəcəyi nəyinki ölkədə, hətta ölkədən kənarda da səs-sədaya səbəb olub. Milli Məclis "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsini yekdilliklə qəbul edib.
Bundan başqa Azərbaycan Keniya və Albaniyada da səfirlik açacaq. Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək. Eyni zamanda, Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik təsis edəcək.
Digər tərəfdən Milli Məclis ölkəmizə qarşı digər xarici parlamentlərin təhdidlərinə də layiqıncə cavab verib.
Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı qətnamələrinə qarşı Milli Məclis sərt bəyanatla cavab verib.
Milli Məclis bildirib ki, ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz edilir.
Son olan hadisələr zamanı parlamentarilər qonşu və digər ölkələrdən gələn təhdidlərə də sərt reaksiya veriblər.
Parlamentlərarası əlaqələr də müxtəlif formalarda təzahür edir. Ayrı-ayrı ölkələrin parlamentləri ilə ikitərəfli əlaqə, dünyanın tanınmış parlament rəhbərlərinin Milli Məclisə dəvət olunması, parlamentlərarası təşkilatlara üzv olmaq, həmin təşkilatların iclaslarında iştirak etmək təcrübəsi geniş yayılıb.
Eyni zamanda Azərbaycan respublikasının Milli Məclisi aşağıdakı parlamentlərarsı təşkilatların işində iştirak edir:
Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assamleyası, Avronest Parlament Assamleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, NATO Parlament Assambleyası. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, o cümlədən Ermənistanın işğalşılıq siyasəti ilə bağlı müsbət qərarlar qəbul olunmuşdur. Bu gündə beynəlxalq parlament tribunalarında işğaldan azad olunmuş torpaqlarımızda Ermənistanın barbarlığı faktlarla dünya ictimaiyyətinə çatdırılır.
Statistikaya nəzər salsaq, il ərzində deputatlar 59 ölkəyə 116 səfər həyata keçirib. Başqa sözlə desək, 85 deputat 292 dəfə xarici ölkələrə ezam olunub.
Bütün xarici səfərlərdə Milli Məclisin deputatları parlamentlərarası əlaqələrin inkişafı məsələlərini, müasir dövrdə dövlətlərin qarşılaşdığı problemlərin həllində parlament diplomatiyasının imkanlarını müzakirə ediblər.
Bütün görüşlərdə deputatlar 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində mövcud olan vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh perspektivləri barədə məlumat verilib.
Deputatlar qeyd edib ki, Qarabağ münaqişəsi artıq tarixə çevrilib. Hazırda Azərbaycan işğal dövründə Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərdə bərpa-quruculuq işləri həyata keçirir.
Bundan başqa Milli Məclisin sədrinin 14 ölkəyə rəsmi və işgüzar səfərləri olub. Sədrin səfərləri gedişində Özbəkistanın qanunvericilik orqanı ilə əməkdaşlıq haqqında saziş və "Yol xəritəsi", Türkmənistan parlamenti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu, Kamboca parlamenti ilə Anlaşma Memorandumu da imzalanmışdır. Bundan əlavə, Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb.
Həmçinin, parlamentimiz onlarla xarici ölkənin parlement nümayəndələrinə ev sahibliyi edib.
Bu il 42 xarici dövlətin və 14 beynəlxalq təşkilatın 100-ə qədər nümayəndə heyəti və təmsilçisi Milli Məclisdə olub. Beynəlxalq təşkilatların xətti ilə 4 böyük tədbirə ev sahibliyi edilib.
Bakı konfransında xarici ölkələrin və beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndə heyətinin, başqa sözlə, 400-ə qədər nümayəndənin, o cümlədən 15 parlament sədrinin, 17 sədr müavininin iştirak etməsi bu mötəbər tədbirə göstərilən böyük maraq və diqqətin təzahürü olub.
Azərbaycanın parlament diplomatiyasının uğurlarını artırmaq üçün Milli Məclisdə keçirilmiş digər beynəlxalq tədbirlərin imkanlarından da lazımınca istifadə edilib.
Bu baxımdan may ayında Milli Məclisdə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının önəmini xüsusi vurğulamaq lazımdır.
Konfransda Parlament Assambleyasına sədrlik Pakistan Milli Assambleyasından Azərbaycan Milli Məclisinə təhvil verilmişdir. Konfransın yekununda qəbul olunmuş Bakı Bəyannaməsində bölgədə iqtisadi və sosial inkişafın təmin edilməsində, inteqrasiya və əməkdaşlıq proseslərinin inkişafında parlamentlərin rolu qeyd edilib. Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin regionda davamlı sülh və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunub.
Bu tədbirlərdən əlavə, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresini və Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli birgə iclası kimi beynəlxalq tədbirləri də qeyd etmək olar.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biri də 18 ölkənin qanunvericilik orqanları ilə əlaqələr üzrə yeni işçi qruplarının yaradılması olmuşdur.
Şuşadan dünyaya verilən mesaj
Bu ilin aprel ayından başlayaraq Milli Məclisin bir sıra komitə iclasları Şuşa şəhərində təşkil edilib. Artıq bütün komitələrimiz Azərbaycanın mədəniyyət paytaxtında iclaslarını keçiriblər.
Komitə iclaslarının Şuşa şəhərində baş tutması müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biridir. Eyni zamanda, möhtərəm cənab Prezidentin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə töhfə vermək niyyəti ilə bağlıdır.
Bütün bunlarla yanaşı, Milli Məclisin ev sahibliyi ilə keçirilən bütün beynəlxalq tədbirlərin iştirakçısı olan parlament təmsilçilərinin Şuşa şəhərinə ziyarətləri təşkil edilib.
Bu ziyarətlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətli olub. Qonaqların Füzuli Beynəlxalq Hava Limanına enməsi, qəhrəman Azərbaycan əsgərinin açdığı Zəfər yolunu keçərək Şuşa şəhərinə getməsi, mədəni, dini və tarixi abidələri seyr etməsi, eləcə də şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olması onların ölkəmiz və xalqımız barədə təsəvvürlərini daha da zənginləşdirmişdir.
Ümumilikdə deyə bilərik ki, Azərbaycan parlament diplomatiyası son illər özünün intibah dövrünü yaşayır.