Milli Məclisin deputatı Əli Məsimli Prezident İlham Əliyevə məktub yazıb.
Modern.az-ın məlumatına görə, deputat onun ictimai-siyasi fəaliyyətinə verdiyi yüksək dəyərə və “Şöhrət” ordeni ilə təltif edilməsinə görə ölkə başçısına minnətdarlığını bildirib.
Əli Məslimli məktubunda qeyd edib:
“Möhtərəm cənab Prezident.
Mənim ictimai-siyasi fəaliyyətimə verdiyiniz yüksək dəyərə gərə Sizə dərin təşəkkürümü bildirirəm.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradıb. Bu şanlı Qələbədə Azərbaycan xalqının Ali Baş Komandan ətrafında yumruq kimi birləşməsi, Azərbaycan əsgərlərinin vətənpərvərliyi ilə intellektual müharibənin effektiv kombinasiyasına nail olunması həlledici rol oynadı. İntellektual müharibəni isə döyüş meydanı ilə yanaşı, hibrid müharibənin digər müstəvilərində də öz üstünlüyünü dünyaya nümayiş etdirməyi bacaran intellektual Ali Baş Komandan qazana bilər.
Azərbaycan Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir. Bu, tariximizin çox möhtəşəm, şərəfli bir səhifəsidir. Çox əlamətdar haldır ki, işğaldan azad olunmuş ərazilərdə müharibədən keçən qısa bir zaman kəsiyində xeyli iş görülüb.
Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini genişləndirməkdən və əbədiləşdirməkdən ötrü öz doğma torpaqlarından köçkün düşən insanların ata-baba torpaqlarına qayıdışı prosesi başlayıb. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkəmizin ən abad guşələrindən birinə çevrilməsi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün çoxşaxəli quruculuq işləri gündən-günə genişlənir. Bu, təkcə ölkəmiz üçün deyil, yaşadığımız regionda dayanıqlı sülh və tərəqqiyə əsaslanan gələcəyin təməl daşı sayıla bilən çox böyük tarixi nailiyyətdir.
Hər şeyi öz adı ilə adlandırsaq, bu da bir reallıqdır ki, Azərbaycanın nail olduğu bu yeni keyfiyyət halı qlobal proseslərə də öz təsirini göstərməyə başlayıb. Bu, çox unikal hal olmaqla yanaşı, həm də çox möhtəşəm hadisədir. Bu dərəcədə böyük miqyaslı bir hadisə həm də gələcəyə konkret hədəfli çağırışdır.
Möhtərəm cənab Prezident, Azərbaycanı yeni hədəflərə doğru aparan çox şərəfli tarixi missiyanızı həyata keçirmək yolunda Sizə davamlı uğurlar arzulayıram”.