Modern.az

Deputat: “Hardadır o sənəd? Parlament olaraq məsuliyyət daşıyırıq”

Deputat: “Hardadır o sənəd? Parlament olaraq məsuliyyət daşıyırıq”

20 May 2013, 18:11

“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiya və onun özü tərəfindən Gürcüstanın qanunvericilik təcrübəsinə əsasən hazırlanaraq, parlamentə təklif olunub”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O, qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı yaranmış vəziyyəti hansısa hüquqi akta gətirmək vacibliyi dəfələrlə vurğulanıb və bunun üçün kiçik komissiya yaradılaraq belə bir qanunvericilik sənədinin hazırlanmasını təklif ediblər.

“2003-cü ildən bu günə qədər 10-a yaxın millət vəkilinin adını saya bilərəm ki, onlar həqiqətən də o regionada yaşananları, həmçinin Qarabağ səfərləri və ictimai münasibətləri məhz hüquqi çərçivədə müəyyənləşdirməyin əhəmiyyətini qeyd ediblər. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, yeni millət vəkilləri də qoşularaq bu layihənin qəbulu zərurətini fəal şəkildə ortaya qoymaqdayıq”.

Z.Oruc vurğulayıb ki, dünənə qədər söhbət sülh sazişi, qanuni proseslə problemi həll etməklə bağlı yanaşmalar mövcud idisə, indi reallıqda məsələ xeyli dərəcədə sadə müstəviyə keçib.

“Həqiqətən də Xarici İşlər Nazirliyi “qara siyahı” hazırlamalıdır. Bunu qanun müəyyənləşdirir, onun nəticəsində müvafiq icra hakimiyyəti orqanın üzərinə vəzifə qoyulur ki, Qarabağda iqtisadi, sosial, siyasi ekoloji layihələr, ticarət sövdələşmələri imzalayanda tərəflərə qanunun dilindən çıxış edərək etirazımızı bildirək. Qarabağa müxtəlif maliyyə yardımları edən dövlətlərə də münasibətlərimizi məhz bu qannunla tənzimləməliyik. xalq diplomatiyası adı altında Qarabağ və Ermənistana səfərlər də qanunla müəyyənləşməlidir. Qarabağda xarici vətəndaşlara verilən torpağın mülkiyyət statusuna dair də çox ciddi müddəalar qəbul etməliyik ki, 100 illik və ya çox müddətə icarə qaydasında və özəlləşmə ilə verilən torpaqlar müstəsna olaraq Azərbaycanın səlahiyyətindədir”.

Z.Oruc vurğulayıb ki, qanun layihəsi bir çoxları üçün mifik görünsə də, Azərbaycanın ərazi bütövlüyü təmin olunana qədər Beynəlxalq Arbitraj Məhkəmələrində bizə lazım olacaq.

“Əks təqdirdə Beynəlxalq Arbitraj Məhkəməsində hüququ cəhətdən dirəniş göstərə bilməyəcəyik ki, xarici dövlətin “X” təşkilatı Qarabağa gələrək o müqavilələri imzalamaqla bizim suveren hüquqlarımıza müdaxilə edib və hansı qanunlarımızı pozub. Hardadır o sənəd? Biz onu parlament olaraq hazırlamağın məsuliyyətini daşıyırıq”.

Z.Oruc həmkarlarının etdiyi təklifin parlament rəhbərliyi tərəfindən nəzərə alınacağını və bu yöndə qanun qəbul olunacağına ümid etdiyini deyib.

“Gürcüstan qanunvericilyi iki fəsildən ibarətdir, kifayət qədər mükəmməl hazırlanıb. Birinci olaraq vəziyyətin təsviri verilib ki, müvafiq olaraq Gürcüstan vətəndaşlarına aid vəzifələr nəzərdə tutulub. Elə hesab edirəm ki, burada müzakirələr zamanı parlament üzvlərinin təklifləri ilə daha yeni məsələlər, xüsusi olaraq Dağlıq Qarabağı tanıyan tərəflərə dair ehtiva etmək olar”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...