Modern.az

“Bütövlükdə parlamenti şübhə altına almaq səhv yanaşmadır” - Deputat

“Bütövlükdə parlamenti şübhə altına almaq səhv yanaşmadır” - Deputat

Parlament

25 Yanvar 2023, 20:54

“Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycanın parlamentinin fəaliyyətini şübhə altına almaq, eləcə də seçkilərin qeyri-demokratik keçirildiyini söyləmək düzgün yanaşma deyil”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Erkin Qədirlinin Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

C.Məmmədov vurğulayıb ki, parlament Azərbaycan xalqını təmsil edən bir qanunverici orqandır və onun kifayət qədər səmərəli fəaliyyəti var:

“Bu da danılmaz faktdır ki, Milli Məclis Azərbaycan parlament diplomatiyasını da uğurla həyata keçirir. Bu baxımdan belə bir açıqlama verilməsini kökündən yalnış hesab edirəm. Bu gün parlament Azərbaycan xalqının iradəsini ifadə edir və fəaliyyətini çox normal şəkildə qurub. Buna görə də seçkilərin qeyri-şəffaf keçirildiyi barədə fikirləri düzgün hesab etmirəm”.

O əlavə edib ki, deputatlar öz üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər:

“Bu gün parlament xalqımızın inkişafı, dövlətimizin güclənməsi, müstəqilliyinin möhkəmlənməsi üçün mühüm addımlar atır. Ona görə bu məsələdə hər kəs açıqlama və bəyanat verərkən diqqətli olmalı, yalnış fikirlərdən uzaq olmalıdır. Əlbəttə, hər kəs öz şəxsi fikrini bildirməkdə azaddır. Ancaq bu o demək deyil ki, bütövlükdə parlamentin fəaliyyətini şübhə altına ala bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır