Modern.az

Azay Quliyev sığorta şirkətlərini tənqid etdi

Azay Quliyev sığorta şirkətlərini tənqid etdi

1 Fevral 2023, 15:46

Sosial xarakterli fövqəladə mühitlə bağlı yeni müddəaların qanunvericiliyə gətirilməsi çox önəmli və vacib məsələdir.

 

Modern.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisdə “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik  barədə müzakirə zamanı çıxışında bildirib.

 

"Çünki, bəzən əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına və əmlakına əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan hadisələr və ya fövqəladə hallar baş verir ki, bunların nəticələrini  aradan qaldırmaq üçün  hadisənin dəqiq tövsifinə və ya definisiyasına ehtiyac yaranır. Bu həm də ona görə vacibdir ki, bu cür hadisələrdən qaynaqlanan  problemlərin təxirəsalınmadan həllinə yönəlik addımların atılması üçün müvafiq dövlət qurumlarının məsuliyyəti və səlahiyyəti müəyyənləşdirilsin”,- deputat deyib.

 

Azay Quliyev konkret misalla fikrini davam etdirb: “Bu cür hallarla bağlı konkret bir misalı Sizinlə bölüşmək istərdim. Belə ki,  bu ilin yanvarın 2-də deputat seçildiyim Binəqədi rayonu 9-cu mikrorayon, Cavadxan küçəsi, 4a saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında təbii qazın sızması nəticəsində güclü partlayış baş verdi. Nəticədə, 6 mənzil tamamilə yararsız vəziyyət düşdü, 1 nəfər həlak oldu və  2 nəfər  yaralandı. Mən partlayış baş verən mənzillərdə olarkən gördüm ki, həqiqətən, vətəndaşların nəinki mənzilləri, həmçinin, əksər ev avadanlıqları və əşyaları da tamamilə yararsız hala düşüb.

 

Hazırda bu ailələri hər şeydən öncə müvəqqəti yaşayış yeri ilə təmin etmək lazımdır, sonra isə onların evləri təmir olunmalı və müvafiq avadanlıqla təchiz olunmalıdır. Lakin bu sahədə qanunvericlikdə olan boşluq səbəbindən, o cümlədən  FHN-nin və yerli icra hakmiyyətinin büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığından hələlik,  problemin  operativ həlli ilə bağlı müvafiq qərarlar qəbul etmək mümkün olmayıb”.

 

A.Quliyev sözügedən Qanun layihəsini dəstəklədiyini qeyd edib:

 

"Müzakirə olunan qanun layihəsi bu kimi problemlərin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını nəzərdə tutur. Zərər çəkmiş əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxil olacaqdır".

 

Deputat, həmçinin sığorta şirkətlərinin fəaliyyətinə də toxunaraq, öz narazılığını dilə gətirib:

 

“Burada başqa bir həssas məsələyə də toxunmaq istərdim. Bu cür fövqəladə hal yaranan zaman dövlət qurumlarının nümayəndələri  deyirlər ki, hər bir vətəndaş daşınar və ya daşınmaz əmlakını sığortalamalıdır.

 

Bəli, bununla razılaşmaq, həm də bunun bir sığorta mədəniyyəti olduğunu qeyd etmək lazımdır. Ancaq, baxaq, sığorta hadisəsi baş verəndə sığorta şirkəti vətəndaşa  nə qədər vəsait ayırır və ümumiyyətlə, sığorta şirkətlərinə inamın artması üçün aidiyyəti qurumların işi qənaətbəxşdirmi? 

 

Məsələn, qeyd etdiyim binada partlayış nəticəsində  mənzili yararsız vəziyyətə düşmüş vətəndaşlardan biri mənzilini sığortalamış və vətəndaşın 46,5 km sahəsi olan mənzilinə sığorta şirkəti cəmi 7079 manat sığorta pulu təklif edilmişdi. Təbii ki, bu vəsaitlə yararsız vəziyyəti düşmüş mənzilin  təmiri və müvafiq avadanlıqla təchiz olunması mümkün deyil.

 

Ona görə də dövlət qurumları belə hadisələr səbəbindən  vətəndaşa dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsini tələb edən zaman, bu sahədə mövcud reallığı da nəzərə almalıdırlar”.

 

Sonda deputat qanun layihəsi qəbul edildikdən sonra tətbiq olunan mexanizmin çevik və işlək olacağına, baş vermiş fövqəladə hadisənin nəticələrinin təxirəsalınmadan aradan qaldırılacağına ümid etdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...