Modern.az

Belə övlad böyüdən ata-ananın əllərindən öpürəm - Deputat

Belə övlad böyüdən ata-ananın əllərindən öpürəm - Deputat

9 Fevral 2023, 12:35

Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan dərhal qardaş ölkəyə yardım əlini uzadıb. Prezident İlham Əliyevin göstərişi ilə axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə göndərilib. Eyni zamanda Heydər Əliyev Fondu yardım kampaniyası başladıb.

 

Yardım kampaniyasının ilk günündən minlərlə soydaşımız qardaş ölkə xalqına dəstəyini ifadə edib. Kimi yorğan-döşək, kimisi də geyim və qida məhsulları gətirərək yardım göstərib. Yardım kampaniyasının davam etdiyi məqamda köhnə avtomobili ilə yardıma tələsən Laçın sakini Sərvər Bəşirli hər kəsin diqqətini çəkib. Qonşularının və digər yardım etmək istəyən şəxslərin yüklərini öz maşını ilə aparan Sərvər bir anda qəhrəmana çevrilib. Bir çox insanlar sosial şəbəkələrdə onun idarə etdiyi maşının fotosunu paylaşarq, ürəkdolusu statuslar yazıblar.

 

Günün trendinə çevrilən görüntülərlə bağlı Modern.az-a danışan Milli Məclisin Laçından seçilən deputatı Mahir Abbaszadə bildirib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli gündə bir yerdədir:

 

"Türkiyə Respublikasında baş verən zəlzələ bütün azərbaycanlıları sarsıdıb. İnsanların ölümü, dağıntılar altında qalması, çox sayda insanın evsiz-eşiksiz qalması, xəstəxanaların yaralılarla dolu olması vəziyyətin necə acınacaqlı olduğunu göstərir. Azərbaycan bu gün bütün türk dünyası kimi Türkiyənin yanında olduğunu göstərir. Cənab Prezident İlham Əliyev zəlzələ baş verəndən dərhal sonra Türkiyə Prezidentinə zəng edərək, öz başsağlığı diləyini çatdırdı. Onun göstərişi ilə Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və xilasediciləri göndərilib. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyə xalqına başsağlığı verib. Heydər Əliyev Fondunun dəstəyi ilə yardım kampaniyaları başladılıb. Vətəndaşlarımız da Türkiyəyə yardım əlini uzatmaqdadır. Əllərindən gələni edirlər. Bu da Azərbaycan-Türkiyə dostluğunun necə möhkəm, sarsılmaz olduğunu göstərir. Azərbaycanla Türkiyənin dar gündə də, xoş gündə də bir yerdə olduğunu sübut edir. Bu, belə də olacaq".

 

Parlamentarinin sözlərinə görə, sadə vətəndaşların yardım aksiyasına qoşulması Azərbaycan xalqının dosta, qardaşa sevgisini ifadə edir:

 

"Sadə vətəndaşların Türkiyəyə dəstək üçün əlindən gələni etdiyinin şahidi oluruq. Bu, xalqımızın xeyirxahlığını göstərməklə yanaşı, onun qardaşa, bacıya, dost ölkəyə olan sevgisini özündə ehtiva edir. İmkanlı, imkansız, vəzifəli, vəzifəsiz olmasından asılı olmayaraq, hər kəsin yardımlara qoşulması bütövlükdə Azərbaycan xalqının iradəsini ortaya qoyur".

 

Laçının deputatı müzakirələrə səbəb olan Sərvər Bəşirlidən də söz açıb: 

 

"Ötən gün "VAZ 2107" markalı köhnə avtomobillə köməyə tələsən vətəndaşımızın şəkli bütün sosial şəbəkələrdə məşhur oldu. Həqiqətən də, sözügedən şəkil bizdə xüsusi təəssürat yaratdı. Həmin maşını idarə edən bizim Sərvər balamızdır. Mən onun telefonuna zəng vurdum, öz təşəkkürümü çatdırdım. Hazırda onlar Ceyranbatan qəsəbəsində məcburi köçkün ailəsi kimi məskunlaşıblar. Onu böyüdən ata və anaya təşəkkürlərimin çatdırılmasını istədim. Hazırda çox duyğulu anlar yaşanır. Tək laçınlılar yox, respublikanın hər yerindən olan vətəndaşlarımız bu yardımlaşmanın bir parçası olmaq istəyirlər. Hər kəs öz imkanına uyğun olaraq, Türkiyədə zəlzələdən əziyyət çəkən, soyuğa, qara, yağışa məruz qalan qardaş-bacılarımıza yardım yollamaqdan çəkinmirlər. Belə övlad böyüdən ata-analara çox sağol deyirəm, onların əllərindən öpürəm. Sərvər qardaşımıza da yaxşı nümunə olduğu üçün bir daha təəşkkür edirəm. Onun göstərdiyi nümunə Azərbaycan və Türkiyənin hər zaman bir yerdə olduğunu göstərir. Bu birlik Atatürkün və Ulu Öndər Heydər Əliyevin fikirlərində öz əksini tapıb. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", ümumilli lider Heydər Əliyevin isə “biz bir millət, iki dövlətik” ifadəsi Azərbaycan və Türkiyə birliyinin necə güclü, sarsılmaz olduğunu göstərir. Nə qədər Azərbaycan və Türkiyə var, deməli, bu iki ölkənin birliyi müttəfiqliyi var".

 

Qeyd edək ki, Bəşirli Sərvər Rasim oğlu Laçın rayonunun Minkənd kəndindəndir. 1989-cu ildə anadan olub. İmişli qeydiyyatındadır. Hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!