Milli Məclis qanunverici orqan olaraq cari məsələlər, qanun layihələrin müzakirəsi və qəbul olunduğu yer kimi xarakterizə edilir. Deputatlar parlamentin plenar və komitə iclaslarında bu və ya digər məsələlərlə bağlı fikirlər səsləndirir, təkliflər verir. Ciddi müzakirələrin getdiyi bu yerdə bir sıra hallarda maraqlı məqamlar da yaşanır. Həmin maraqlı məqamları izləyən parlament jurnalistləri onları Modern.az-la bölüşməkdə davam edirlər.
Bəs budəfəki həmkarlarımız parlament müxbiri olduqları zaman hansı maraqlı situasiyaları yaddaşlarında saxlayıblar?
“Gün.az saytının əməkdaşı Kamil Həmzəoğlunun xatırladığı ilk hadisə 2003-cü il, Azərbaycanda prezident seçkilərinə hazırlığın getdiyi vaxta təsadüf edir. “O zaman dövlət başçısı Heydər Əliyevin səhhəti ilə əlaqədar ölkədə bir qədər qeyri-aydınlıq, gərginlik var idi və bu gərginlik parlamentə də sirayət etmişdi. Həmin vaxt Seçki Məcəlləsinin yeni layihəsi müzakirə olunurdu və ciddi müzakirələr gedirdi. Seçki Məcəlləsində aktiv-passiv məsələsindən söhbət gedirdi. Bu zaman YAP-ın qurucularından biri olan Kərim Kərimov bu sözün mənasını anlamayaraq üzünü spiker Murtuz Ələsgərova tutdu və çox əsəbi şəkildə dedi ki, “Murtuz müəllim, bircə bu qalmışdı. Bu aktiv-passiv nə deməkdir?”
Bu zaman Murtuz Ələsgərov öz həmkarının məsələdən agah olmadığını başa düşərək özünəməxsus şəkildə “ay Kərim, bu sən deyən aktiv, passiv məsələsi deyil, bu ayrı məslədir” deyərək maraqlı cavab verdi. Bu da parlamentdə böyük gurultuya, gülüşə səbəb oldu”.
K.Həmzəoğlunun xatırladığı digər məsələsi isə bir zamanlar deputat olmuş Pənah Hüseynlə bağlıdır. “Üçüncü çağırış Milli Məclisin iclası keçirilirdi. Pənah Hüseynlə spiker arasında ənənəvi olaraq söz atışması gedirdi. Və iclasların birində cari məsələlərin müzakirəsi zamanı necə oldusa Pənah Hüseynə söz verilmədi. Pənah bəy də ənənəvi olaraq yerindən qalxıb icazəsiz danışdı, bu zaman spiker ona dedi ki, “cənab Pənah Hüseyn, yerinizdə əyləşin”. O da dedi ki, “əyləşmirəm”. Bu zaman spiker maraqlı cavab verdi ki, “o zaman uzan”.
Hazırda xaricdə yaşayan jurnalist Elbəyi Həsənli bir müddət “Yeni Müsavat“ın parlament müxbiri kimi fəaliyyət göstərib. O da parlamentdə müşahidə etdiyi maraqlı hadisələrdən danışıb.
“Məsələn, düşünün ki, o vaxt prezidentin oğlu olan İlham Əliyevdən “Yeni Musavat” üçün eksklüziv müsahibə götürdüm. Həmin vaxtlar İlham Əliyevin jurnalistlərlə əlaqələrini indiki Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov həyata keçirirdi. Belə ki, eks-deputat Rza İbadov yenicə “vurulmuşdu”. Nazim İbrahimov hər bir jurnalistin İlham Əliyevə verəcəyi sualı əvvəlcədən yazıb hazırlayırdı və İlham Əliyevlə razılaşdırırdı. Amma İlham Əliyev yalnız bir dəfə istisna etdi”.
E.Həsənlinin xatırladığı digər maraqlı məqam isə deputatın ona pul verməsi olub.
“Öncə məni Milli Məclisin qabağına göndərirdilər. Orada maraqlı hadisələr baş verirdi. Jurnalistikaya təzə gələn vaxtlarım idi. Getməmişdən təlimatlandırdılar ki, kimsə pul-zad versə, nə badə götürəsən. Həmən işdən atarıq, məhkəməyə verərik. Günlərin birində deputatlardan biri onun yolunu kəsən zavallı seçicini ikrahla kənara itələyib keçdi. Tərslikdən mən onun yolunun üstündə dayanmışdım. Mənə çatanda dayandı. Əlini cibinə atdı. 20 dollar çıxdı. Ciblərin xeyli eşələsə də, bir şey tapmadı. Məndən soruşdu ki, “sən kimsən, nə istəyirsən?”. Dedim ki, jurnalistəm. Deputat əlindəki 20 dollarlıq əskinası elə hamının gözü qabağında cibimə dürtdü. Mən təlaş içində pulu cibimdən çıxartdım. Bir anlıq o pulla nə edəcəyimi kəsdirə bilmədim. Və dolları bir az öncə deputatın yolunu kəsib ondan çörəkpulu istəyən şikayətçiyə uzatdım. Zavallı pulu göydə qapdı. Mənim bu qeyri-ixtiyarı hərəkətim deputatı cin atına mindirdi. Qayıtdı ki, “ə, nə olub, belə qudurmusuz? Həmişə 100-lük olmaz ki, bir dəfə də 20-liyə sahib durun da”. Deputat elə zənn etmişdi ki, verdiyi pul az olduğundan mən onu şikayətçiyə ötürmüşəm…
Bu hadisədən sonra bir neçə həftə səksəkə içində qaldım, düşündüm ki, kimsə bunu “Yeni Müsavat”ın baş redaktoruna - Rauf Arifoğluna çatdırsa, işdən qovulacağam. Amma o hadisənin səs-küyü çıxmadı”.
Keçmiş “Yeni Müsavat” yazarının xatırladığı başqa bir hadisə eks-deputat Rza İbadovla bağlıdır:
“Bu şəxsin Milli Məclisə yenidən düşməsinin qarşısı seçkiyə 1-2 gün qalmış alındı. Ölkə rəhbərliyi ilə onun arasında nəsə ciddi insident baş vermişdı. YAP onun yerinə rəhmətlik Şamil Qurbanovu Milli Məclisisə göndərdi. Şamil Qurbanovsa parlamentin iclasında Fransa prezidentinin haqqında dediyi qanadlı bir cümlə ilə tarixə düşdü: “Jak Şirak qudurub!”.
Parlamentin həmin iclasında Qərb ölkələrinin səfirləri də iştirak edirdi. Hamısı bir nəfər kimi bu təhqirə etiraz olaraq Milli Məclisi tərk etdi.
Fürsətdən yararlanmaq istəyən Rza İbadov tezliklə parlamentin qarşısına yaxşı təşkil olunmuş 200 nəfərə yaxın idmançı göndərdi. Baxmayaraq ki, onda artıq “vurulmuşdu”, amma hələ də müəyyən dəstəklərə nəzarət edə bilirdi. Elə düşünürdü ki, belə bir bəyanatdan sonra Şamil Qurbanovu istefaya göndərəcəklər, deməli, vakant yer uğrunda həmən mübarizəyə başlamaq lazımdır. Hüquq-mühafizə orqanları son dərəcə gözəl təşkil olunmuş tədbirə müdaxilə etməyə fürsət tapdı. Dəstə gəldiyi kimi də qəfildən buxarlanıb yoxa çıxdı”.
E.Həsənli söhbətə davam edir və digər hadisə haqda danışır:
““Mən bilirəm ki, sən hansi yuvanın quşusan”. Bu ifadə isə o vaxt parlamentə sədrlik edən Murtuz Ələsgərova aiddir. Ümumiyyətlə, bu hüquq professorunun belə ifadələri hələ də yaddaşlarda ilişib qalmaqdadır. Şübhəsiz ki, parlament müxbiri kimi ən böyük uğurum AzTV sədri və millət vəkili olan Nizami Xudiyevdən götürdüyüm müsahibə oldu. Həmin müsahibə iqtidarda zəlzələ effekti doğurdu. Nizami Xudiyev müəllimim olmuşdu. Ona həqiqətən də bir türkoloq alim kimi simpatiyam vardı. Rauf Arifoğluna zəng vurmuşdu, demişdi ki, Heydər Əliyev deyib ki, yazıya təkzib verilməsə, vəzifədən getməlisən. Rauf bəy təklif etdi ki, təkzib verək. Bu, mənə çox ağır gəldi, bir tərəfdən də sevimli müəllimimin mənə görə vəzifədən getməsini istəmirdim. Sonda bir səhifəlik müsahibəyə təkzib verildi, yəni belə çıxdı ki, mən müsahibəni havadan yazmışam”.
Aytən ƏLİYEVA