Modern.az

Türkiyənin zəifləməsinə imkan verməməliyik - Deputatlardan ÇAĞIRIŞ

Türkiyənin zəifləməsinə imkan verməməliyik - Deputatlardan ÇAĞIRIŞ

13 Fevral 2023, 11:20

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Lakin zəlzələnin təsir dairəsi geniş olduğu üçün Türkiyə 4-cü dərəcəli fövqəladə vəziyyət elan edib və beynəlxalq yardım üçün çağırış edib. Dünyanın 80-ə yaxın ölkəsi və bir çox beynəlxalq təşkilatlar Türkiyəyə xilasetmə qrupları və humanitar yardım göndərib.

 

Həm xilasetmə qruplarının sayına, həm də humanitar yardıma görə Azərbaycan Türkiyəyə ən çox yardım edən ölkədir. Azərbaycan dövləti və xalqımız qardaş Türkiyəyə hər cür dəstək verir. 

 

Milli Məclisdə də Türkiyə üçün yardım kampaniyası elan edilib. Deputatların demək olar ki, hamısı sözügedən yardım kampaniyasına qoşulublar. 

 

Bəs deputatlar Azərbaycan xalqının və dövlətinin Türkiyəyə yardımını necə qiymətləndirir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqı türk qardaş-bacılarının kədərini bölüşməyə davam edirlər:

 

"Bütün dünya, eləcə də Azərbaycan Türkiyədə baş verən dəhşətli zəlzələyə görə kədərlənir. Hər bir azərbaycanlı Türkiyədəki zəlzələni Azərbaycanda baş vermiş kimi hiss edir. Fevralın 6-dan bu günə qədər sosial şəbəkələrdə, mətbuatda, televiziyada 7-dən 70-ə, imkanlı və ya imkansız olmasından asılı olmayaraq hamının Türkiyədəki qardaş-bacılarımıza kömək etmək üçün dəridən-qabıqdan çıxdığını görürük. Bu, bir daha xalqımızın nə qədər yüksək humanist dəyərlərə malik olduğunu göstərir. Bu yardım eyni zamanda xalqımızın Türkiyə ilə həmrəyliyini aşkar göstərir. Tarix boyu Türkiyə ilə Azərbaycan dar gündə bir-birinin yanında olub".

 

Deputat vurğulayıb ki, bu gün də hər iki ölkə əsl qardaş kimi davranırlar:

 

"Türkiyə-Azərbaycan qardaşlığının dünyada analoqu yoxdur. XX əsrin əvvəllərindən bu yana qədər davam edən dövrə baxdıqda, həmişə Türkiyənin Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olduğunu aydın görərik. Ulu Öndər Heydər Əliyevin “Bir Millət, İki Dövlət” fikri artıq dillər əzbəri olub. Eləcə də, Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü var. Yəni bu birlik böyüklərimizin bizim üçün, gələcək nəsil üçün müdrik vəsiyyətidir. İstər cənab Rəcəb Tayyib Ərdoğan, istərsə də möhtərəm Prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna böyük önəm və töhfə verirlər.  44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezidenti və 85 milyonluq türk xalqı Azərbaycan xalqı ilə bir yumruq oldu. İndi də Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün azərbaycanlılar əlindən gələn hər şeyi etməyə çalışırlar.  Bu da Azərbaycan və Türkiyənin bir-birinə olan dostluğunun, əbədi qardaşlığının simvoludur. Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə ziyarəti zamanı söylədiyi fikirlər Azərbaycan və Türkiyə dostluğu üçün yeni bir yol xəritəsi oldu. Möhtərəm Prezident “Türkiyə-Azərbaycan nəinki bir ürəkdir, Türkiyə-Azərbaycan bir candır” dedi. Birinci vitse-prezident Mehriban Əliyeva da yardım edən bütün Azərbaycan vətəndaşlarına öz təşəkkürlərini çatdırdı".

 

Milli Məclisin deputatı bildirib ki, türk milləti bu çətinliyin öhdəsindən gələcək:

 

"Türk milləti külündən dövlət yaradan millət olub. Türk milləti çox faciələr, çətinliklər, haqsızlıqlar görüb. Lakin o bütün faciələrdən alnıaçıq, üzüağ çıxıb. Haqsızlıqlar qarşısında dimdik durub. Bu sadəcə Türkiyəyə yox, həm də Azərbaycan xalqına aiddir. Bu fəlakətdən də türk xalqı alnıaçıq, üzüağ çıxacaq. Türk qardaşlarımız bu vəziyyətdən çıxana qədər  Azərbaycan xalqının dəstəyi davam edəcək".

 

Milli Məclisin deputatı Fazil Mustafa vəziyyətin olduqca ağır olduğunu vurğulayıb:

 

"Dünyada nadirən bu ölçüdə hadisələr baş verir. Zəlzələnin müəyyən fəsadlarının aradan qaldırılması üçün çox ciddi şəkildə kütləvi dəstəyə ehtiyac var.  Azərbaycan cəmiyyəti olaraq bu istiqamətdə əlimizdən gələni edirik. Zəlzələnin fəsadlarının aradan qaldırılması çox çətindir. Təbii fəlakətin fəsadları geniş əraziləri əhatə etdiyinə görə, Türkiyə bunu tək başına həll edə bilmir.  Dünyanın bütün ölkələri yardım əlini uzadır. Azərbaycan burada aktiv rol alır. Bu belə də olmalı idi. Çünki Türkiyə bizim də öz məmləkətimizdir. Türkiyə Azərbaycan qədər dəyərlidir. Hər kəs əlindən gələni edir. Hadisələrin gedişatı zamanı da əlimizdən gələni edəcəyik. Çünki bu davam edən bir prosesdir"

 

O bildirib ki, Türkiyəyə yardım dayanmamalıdır: "Hər kəs əlindəki imkanları nəzərə alaraq yardım kampaniyasına qoşulmalıdır. Məmləkətimizin taleyindən söhbət gedir. Türkiyənin zəif olması həm də Azərbaycanın zəif olması deməkdir.  Azərbaycan insanı buna imkan verməməlidir. Türkiyənin yaralarını sarımaq üçün əlimizdən gələni etməliyik".

 

Milli Məclisin deputatı Kamran Bayramov Türkiyədəki zəlzələnin Azərbaycan xalqını kədərləndirdiyini deyib:

 

"Türkiyədə çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələnin baş verməsi həqiqətən bizi dərindən kədərləndirdi. İndi türk qardaşlarımızın maddi, mənəvi, eyni zamanda psixoloji dəstəyə ehtiyacları var. Azərbaycan xalqı öz qardaşlarına və bacılarına dəstək əli uzadır. Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər kəs aktiv şəkildə iştirak etmək istəyir. Biz hətta zəlzələ yerinə getmək üçün müraciətlərin olduğunu eşidirik".

Deputat hər kəsi təmkinli olmağa çağırıb:

 

"Mən xalqımızın bu məsələdə həssaslığını başa düşürəm. Axı, türk xalqı bizim qardaş xalqımızdır. Ancaq cənab Prezidentin göstərişi ilə Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə əməkdaşları yollanıb. Eyni zamanda Heydər Əliyev Fondu yardımlar edir. Belə olan halda insanlarımız təmkinli olmalıdır. Hadisə yerinə getmək barədə düşünənlər anlamalıdır ki, ora getmək üçün müəyyən ixtisasa malik olmaq lazımdır"

 

Parlamentari qeyd edib ki, Türkiyə bu çətinlikdən də üzüağ çıxacaq:

 

"Düşünürəm ki, vətəndaşlara yardımlarına görə, təşəkkür düşür. Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə imkanlı imkansız fərq etmədən hər kəs öz yardımlarını əsirgəmir. Bu bir yandan Azərbaycan xalqının humanistliyini, digər yandan da  onun türk xalqı ilə möhkəm bağlara malik olduğunu göstərir. Azərbaycanla birlikdə Türkiyə bu çətinliyin də öhdəsindən gələcək. Buna heç bir şübhə yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti