Zəlzələnin vurduğu ziyan 100 milyarddan çoxdur - Türkiyə nə edəcək?

Zəlzələnin vurduğu ziyan 100 milyarddan çoxdur - Türkiyə nə edəcək?

Parlament

13 Fevral 2023, 12:50

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ölkə iqtisadiyyatına vurduğu ziyanın 84 milyard dollar və ya ÜDM-in 10%-i həcmində olduğu ehtimal edilir. 

 

"Bloomberg" agentliyi binaların dağılmasına görə dəymiş ziyanı 70,8 milyard dollar dəyərində qiymətləndirib. Həmçinin qeyd edilib ki, Türkiyə büdcəsinin gəlir hissəsində 10,4 milyard dollar itki olacaq. Bundan əlavə, "Bloomberg" əmək itkisinin 2,9 milyard dollar olacağını proqnozlaşdırıb. Lakin dəhşətli zəlzələnin vurduğu ziyanın artacağı istisna edilmir.

 

Bəs, qardaş ölkə təbii fəlakətin səbəb olduğu fəsadları qısa zamanda aradan qaldıra biləcəkmi?

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, zəlzələnin vurduğu maddi ziyanın miqdarı daha da artacaq:

 

"Hazırda dəymiş ziyanın miqdarı kimi göstərilən rəqəm ilkin hesablamaların nəticəsidir. Bu rəqəm artacaq. Bu zəlzələ 1999-cu ildə baş vermiş zəlzələdən qat-qat dağıdıcıdır. Hesab edirəm ki, dəymiş zərərin miqdarı 100 milyarddan çox ola bilər. Lakin unutmayaq ki, Türkiyə böyük və qüdrətli dövlətdir. Dünyanın bir çox ölkələrindən də yardımlar gəlməkdədir. Azərbaycan da Türkiyəyə ciddi şəkildə yardım göstərir. Azərbaycan Prezidenti başda olmaqla, xalqın bütün nümayəndələri Türkiyəyə yardım göstərməyə davam edir”

 

 

Deputatın sözlərinə görə, Türkiyə mövcud vəziyyətdən az zərərlə çıxsın deyə, Azərbaycan əlindən gələni edir:

 

“Azərbaycan dost, qardaş ölkə kimi Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bütün potensialından istifadə edir. Qardaş Türkiyəyə yardımlarda aparıcı rolu məhz Azərbaycan oynayır. Bu, belə də olmalı idi. Yardım kampaniyalarına parlament də qoşulub. Eləcə də imkanı olan, olmayan bütün azərbaycanlılar yardım işində canfəşanlıq göstərir. Bu, bizim xalqımızın həmrəyliyini və onun türk millətinə sevgisini göstərir. Yardımlar kifayət qədər olacaq. Əlimizdən gələni edəcəyik ki, Türkiyə daha az zərərlə vəziyyətdən çıxsın”.  

 

Vahid Əhmədov zəlzələ bölgəsinin bərpasında da Azərbaycanın Türkiyəyə dəstək verəcəyini söyləyib:

 

“Türkiyə Prezidenti yenidənqurma işlərinin 1 il ərzində bitəcəyini dedi. Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərində də Türkiyəyə yardımların ediləcəyini vurğuladı. Gecə-gündüz çalışılsa, yenidənqurma işlərini 1 il ərzində başa çatdıra bilərlər. Lakin burada bir məsələ var. Gərək yeni binalar daha möhkəm və zəlzələyə dözümlü olsun. 100-ə yaxın ölkə Türkiyəyə yardımlar edib. Yardımlar hələ də davam edir. Beləliklə, bir il ərzində  yenidənqurma işləri müəyyən qədər başa çatdırıla bilər. Yəni problem tam həll olunmasa belə, insanların  yerləşdirilməsi, evlərin tikilib təhvil verilməsi kimi məsələlər həll oluna bilər”.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi