Modern.az

“Qardaş Türkiyə bu ağır fəlakətdən qısa zamanda qurtulacaq” - Deputat

“Qardaş Türkiyə bu ağır fəlakətdən qısa zamanda qurtulacaq” - Deputat

Parlament

16 Fevral 2023, 16:44

"Qardaş Türkiyədə baş verən zəlzələ zamanı çoxsaylı insan tələfatı, yaralıların və böyük dağıntıların olması bizi dərindən kədərləndirdi. Dəhşətli hadisənin ilk günündən Azərbaycan qardaş ölkənin dərdinə şərik çıxmağa başladı".  

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.  

 

Deputat deyib ki, Azərbaycan hər zaman qardaş ölkənin yanındadır: "Ümumiyyətlə, iki ölkə tarixən həm sevincli, həm də kədərli vaxtlarında bir-birilərinin yanında olublar. Bu gün Türkiyəyə göstərilən yardımlarda təkcə dövlət deyil, sadə vətəndaşlar da iştirak edirlər. Kiçikdən böyüyə qədər Azərbaycan xalqı bir olaraq Türkiyəyə çətin günündə dəstək olmağa çalışır.  

 

Bakıda ilk vaxtlar qardaş ölkəyə kömək üçün təşkil olunan yardımların həcmi o qədər böyük idi ki, aksiyanın keçirildiyi yer dəyişdirildi. Bu yardımların hüdudları təkcə paytaxtla bitmir. Yardım aksiyaları ölkənin müxtəlif yerlərində sədə vətəndaşlar, iş adamları tərəfindən davam etdirilir.  

 

Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Onlar ilk gündən indiyədək neçə insanın həyatda qalmasına yardımçı olublar. Bundan başqa, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərilir. Dövlət qurumları da bu aksiyada fəal iştirak edir. Üzvü olduğum Azərbaycan Milli Məclisi də qardaş ölkəyə yardımlar göndərir. Deputatlar türkiyəli həmkarları ilə mütəmadi olaraq əlaqə saxlayırlar”.  

 

Kamran Bayramov, həmçinin Azərbaycan və Türkiyə telekanallarının ortaq yayım zamanı toplanan yardımlardan da söz açıb:

 

"Ötən gün Türkiyənin televiziyaları ilə ortaq yayım başladılıb. Ortaq yayım zamanı Azərbaycandan da yardımlar davam etdirilib. Ölkəmizin müxtəlif şirkətləri marafonda iştirak edib. Bir daha Türkiyə ilə həmrəy olduğumuzu bildirmişik.  

 

Təəssüflə qeyd etməliyik ki, Türkiyəda baş verən zəlzələ böyük dağıntılara səbəb olub. İndi fəsadların aradan qaldırılması, şəhərlərin demək olar ki, yenidən qurulması qarşıya qoyulan əsas vəzifədir. Türkiyə xalqının gücünü, həmrəylini nəzərə alaraq, hesab edirəm ki, qısa zaman ərzində qardaş ölkə bu ağır yükdən də qurtulacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi