Modern.az

Azərbaycan Prezidenti hər zaman sülhün tərəfdarıdır

Azərbaycan Prezidenti hər zaman sülhün tərəfdarıdır

20 Fevral 2023, 16:18

Bu gün dünyada münaqişələrin, müharibələrin, qarşıdurmaların baş alıb getdiyi bir dövrdə sülhün və təhlükəsizliyin təmin edilməsi dövlətlərin və beynəlxalq təşkilatların əsas vəzifəsi kimi qarşıda durur. Münhen təhlükəsizlik konfransı bu sahədə əhəmiyyətli bir platforma hesab edilir, təhlükəsizlik məsələləri ilə bərabər, hərbi, siyasi, iqtisadi məsələlərin həlli istiqamətində də mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfransa dəvət alması, müzakirələrdə fəal iştirakı və çıxış etməsi dövlətimizin rəhbərinə göstərilən hörmət və etimadın ifadəsidir.

 

Dünya bu gün İlham Əliyevin sülhün və əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsindəki xidmətlərini, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və əməkdaşlığın inkişafı sahəsində onun səmərəli rolunun gələcək üçün önəmli olduğunu yüksək qiymətləndirir. Konfrans çərçivəsində ABŞ dövlət katibinin vasitəsilə Ermənistan baş naziri ilə görüşdə, eləcə də digər tədbirlərdə, dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri ilə söhbətlərində cənab İlham Əliyev dünyada sülhün və təhlükəsizliyin qarantı təsiri bağışlamaqla, hadisələrə mövcud reallıqlar, hadisələr baxımından qiymət vermiş, Azərbaycanın milli maraqları mövqeyindən çıxış edərək bir daha dünyanı ədalətə, haqqa, demokratiyaya, insan hüquqlarının qorunmasına səsləyib.

 

O, Ermənistanın Azərbaycana təcavüzünü, torpaqlarımızın 30 il işğal altında qalmasını, şəhər və kəndlərimizin məhv edilməsini gündəmə gətirməklə, həm də qələbəmizin ədalətə, haqqa, beynəlxalq normalara əsaslandığını göstərərək, məğlub olmasına, uzun illər dövlətimizə təcavüz etməsinə, terror əməlləri törətməsinə baxmayaraq Ermənistanın yenə də çirkin məqsədlərindən əl çəkmədiyini, müharibəyə hazırlaşdığını, sülhə gəlmədiyini konfrans iştirakçılarına bəyan edib.

 

Prezidentimiz təcavüzkar Ermənistana dəstək verən, onu yeni münaqişəyə həvəsləndirən Fransa dövlətini, ölkənin prezidenti Emmanuel Makronun, bəzi beynəlxalq təşkilatların anti - Azərbaycan mövqeyini də kəskin tənqid edib. Ölkəmizin rəhbəri bütün çıxışlarında real faktlara əsaslandığı, Paşinyanla görüşdə bu günün reallıqlarını nümunə gətirdiyi üçün qarşısındakını bir daha mat vəziyyətinə salaraq, ABŞ dövlət katibinə sülhə sadiq olduğunu bir daha bildirib.

 

Üçtərəfli görüşün keçirilməsi Vaşinqtonun hadisələrə və Cənubi Qafqazda gedən proseslərə ciddi önəm verməklə bərabər, həm də Azərbaycanın mövqeyinə müsbət yanaşmasından xəbər verir. Azərbaycan Prezidenti də bu yanaşmanı dəyərləndirir və hər zaman sülhün tərəfdarı olduğunu qeyd edir.

 

Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir