Modern.az

Hacı Şahinin ölümü deputatları məyus etdi – “Böyük itkidir…”

Hacı Şahinin ölümü deputatları məyus etdi – “Böyük itkidir…”

Parlament

2 Mart 2023, 11:42

Tanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin vəfatı Milli Məclisin deputatlarını da məyus edib. Bununla bağlı Modern.az-a danışan parlamentarilər Hacı Şahinin hər zaman yaxşı insan, savadlı din xadimi kimi xatırlanacağını bildiriblər.


Deputat Ceyhun Məmmədovun sözlərinə görə, Hacı Şahinin gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişdirilməsində xüsusi xidmətləri olub.


"Hər insanın itkisi onun doğmaları üçün çox ağırdır. Hacı Şahin Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış, nüfuzu olan din xadimlərindən biri idi. Gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişdirilməsində onun xidmətləri olub. Təbii ki, bu səbəblərə görə millətimiz Hacı Şahinə böyük rəğbət hissi duyurdu. Eyni zamanda o, Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyən din xadimlərindən olub. Xüsusilə, insanların Azərbaycançılıq ideologiyası altında birləşməsi yolunda böyük addımlar atıb", - deyə o bildirib.

 


C.Məmmədov vurğulayıb ki, Hacı Şahinin dünyasını dəyişməsi Azərbaycan üçün böyük itkidir: "Onun vəfat etməsi sevənləri üçün çox ağır hadisədir. Təbii ki, ölümün haqq olduğunu hamı bilir. Hacı Şahinə Allahdan rəhmət diləyirik. Allah doğmalarına, yaxınlarına səbr versin. Biz bu gündən sonra gələcəyə baxmağı bacarmalıyıq. Dindarlarımız və Hacı Şahini sevənlər təmkinli olmalıdır. Onun başlatdığı yolun uğurla davam etməsi üçün səyləri davam etdirməlidirlər. Bu prosesə uyğun davranmalıdırlar. Ruhu şad olsun".

 

 

Deputat Fazil Mustafa isə söyləyib ki, Hacı Şahinin vəfat etməsi üzücü xəbərdir. "Heç kimin bu dünyada qalıcı ömrü yoxdur. Hacı Şahinin vaxtsız vəfatı üzücüdür. Allah ruhunu şad eləsin. Zaman-zaman Azərbaycan cəmiyyətində öz fikirləri, fərqli baxışları ilə seçilən insanlardan biri idi. Razılaşdığımız, razılaşmadığımız düşüncələri vardı. Amma hər halda bir cameənin öndə gələn şəxslərindən biri idi. Allah rəhmət eləsin, yaxınlarına səbr diləyirəm".

 

 

QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Hacı Şahinin ölüm xəbərinə məyus olduğunu vurğulayıb:


"Bu xəbər bütün Azərbaycan xalqı kimi məni də dərindən sarsıtdı. Hacı Şahin dini-mənəvi məsələlərdə böyük fikirlər səsləndirirdi. Xüsusilə, onun müəyyən dini məsələlərdə maraqlı tezisləri var idi. Hacı Şahinin 48 yaşda vəfat etməsi üzücüdür. Onun Azərbaycan xalqı üçün böyük xidmətləri olub. Biz onunla müəyyən tədbirlərdə və yığıncaqlarda bir araya gəlmişik. Aramızda qarşılıqlı hörmət olub. Allah rəhmət eləsin. Ailəsi və yaxınlarına səbr diləyirəm".

 

Qeyd edək ki, bu gün ilahiyyatçı Hacı Şahin Həsənli ürəktutmasından vəfat edib.

 

48 yaşlı Hacı Şahin "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır