Modern.az

Eldar Quliyevdən etiraz: “Elə etməsinlər ki, prokurorluğa müraciət edim”

Eldar Quliyevdən etiraz: “Elə etməsinlər ki, prokurorluğa müraciət edim”

7 İyun 2013, 10:31

Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili Eldar Quliyev Modern.az saytına açıqlamasında rəhbəri olduğu ali məktəb haqqında bəzi KİV-lərdə həqiqətə uyğun olmayan məlumatların dərc olunmasına etiraz edib.

O qeyd edib ki, ölkədə korrupsiya və rüşvətə qarşı ciddi mübarizə gedir və korrupsiyaya qarşı mübarizəyə dair keçirilən toplantılarda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin rəhbərləri də iştirak edib. Həmin toplantılarda isə korrupsiyaya qarşı mübarizə ilə bağlı qarşıya öhdəlik qoyulub.
Eldar Quliyev qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində rüşvətə qarşı ciddi mübarizə aparırlar. Bizim şüarımız "Rüşvətə və korrupsiyaya YOX"-dur. Bununla bağlı mayın 5-də Kooperasiya Universitetində müşavirə də keçirilib. Burada əsas məsələ müəllim, tələbə münasibətlərində şəffaflığı təmin etmək olub.

“Onu da məlumat üçün bildirim ki, artıq 2 ildir Kooperasiya Universitetində “Boloniya sistemi”nə keçilib. Burada tələbələrin biliyi 2 yolla qiymətləndirilir. Birincisi yazılı imtahan,  ikincisi isə test üsuludur. Bizim üçün fərqi yoxdur ki, imtahanlar hansı yolla götürülsün. 

Yeni sistemə keçməyin yeniliyi ondan ibarətdir ki, 1-ci, 2-ci və 3-cü kurs tələbələri imtahanları yazılı üsulla verəcəklər. 4-cü kurs tələbələrinə isə bu şamil olunmur. Çünki onlar “Boloniya üsulu” ilə təhsil almırlar. Tələbənin kəsiri qalırsa o, kredit sistemi ilə yenidən imtahan veriləcək. İndi kəsiri olan tələbəni nə kursda saxlayırlar, nə də universitetdən xaric edirlər. Sadəcə onlar sonradan “2” aldıqları fənlər üzrə kredit ödəyirlər. Ödədikləri vəsait isə iştirak edəcəkləri dərsləri tədris edən müəllimlərin maaşına yönəldilir. Yəni bu zaman təhsillərini davam etdirmək üçün əlavə dərsə gəlir və yenidən imtahan veririlər. Mən qeyd etməliyəm ki, hələ bu məsələ ilə bağlı yanvar ayında tələbələrə məlumat vermişdik. Ancaq bu yaxınlarda tələbələr mənə müraciət etdilər ki, onlar üçün asan variant test üsuludur. Mən də bununla razılaşaram. Əsas odur ki, tələbələrlə razılaşmalıyıq ki, onlar istədikləri şəkildə öz təhasillərini davam etdirsinlər. Hər halda  istənilən tələbə biliyinə uyğun qiymətləndirilir. İmtahan nəticələri də universitetin akt zalında açıqlanır. Burada hədəfimiz ondan ibarətdir ki, gənclərə normal təhsil verək. Tələbələr diplomlarını kağız parçası kimi deyil, bilik sahibi olduqlarına görə alsınlar. Biz bunun tərəfdarıyıq. Mən hər dəfə görüşəndə tələbələrə çatdırıram ki, siz bundan sonra hər hansı bir sahədə çalışacaqsınızsa, test vasitəsilə biliyinizi yoxlayaraq işə qəbul edəcəklər. Ona görə də çox vacibdir ki, biliyiniz yüksək olsun. Yoxsa heç biriniz işlə təmin oluna bilməyəcəksiniz”.

E.Quliyev deyib ki, o, dəfələrlə müəllim heyətinə də bildirib ki, müəllimlərin yox, tələbələrin rektorudur:

”Mənim üçün əsas məsələ tələbələrdir və onlar üçün çalışıram. Çox təəssüf edirəm ki, bəzi media qurumları həqiqəti bilmədən bizim universitet barədə doğru olmayan məlumat yayıblar. Mən xatırlatmaq istəyirəm ki, bu yaxınlarda internetdə təhqirlə bağlı Milli Məclisdə qanun qəbul olundu. Elə etməsinlər ki, öz səlahiyyətlərimizdən istifadə edib Baş Prokurorluğa müraciət edək. Çünki onlar haqqımızda şər-böhtan yazıblar. Eyni zamanda bu yazı bizim universitetin bir nəfəri üçün deyil, universitet kollektivinin şərəf və ləyaqətini təhqir etmək, onların imicinə zərər vurmaq deməkdir. Hesab edirəm ki, hər bir yazı yazan bu məsələni diqqətə almalı və kollektiv barədə yalan məlumatlar yaymamalıdır”.

Rektor deyib ki, Azərbaycan Kooperasiya Universiteti barəsində yalan məlumat yayanlar qanun qarşısında cavab verməli olacaqlar və onlar barəsində ölçü götürüləcək.

”Saytınız vasitəsi ilə onu da bildirmək istəyirəm ki, kəsir imtahanları üçün əlavə dərs keçirilir və həmin tələbələrin ödədikləri kredit onlara dərs keçən müəllimlərin aylıq maaşına yönələcək. Mən tələbələrə bir daha bildirirəm ki, onlar istənilən problemlə bağlı mənim yanıma gələ bilərlər. İstənilən tələbə, istənilən valideyn ilə işdə olduğum müddətdə görüşməyi özümə borc bilirəm. Universitetdə yeni bir elan vermişik. Bu təhsi naziri Mikayıl Cabbarov tərəfindən universitetimizə göndərilən təlimatla bağlıdır. Valideynlər istəyirlərsə, imtahan prosesində iştirak edə bilərlər. Artıq 6 valideyn öz övladlarının imtahanında iştirak edib. Həmin valideynlərin 4-nün övladı imtahanları yüksək nəticə ilə başa vurub. Digər 2 tələbə isə imtahandan keçə bilməyib. Təbii ki, hər kəs öz biliyinə uyğun qiymət alacaq. Onu da qeyd edim ki, imtahanda iştirak etmək sadə sistemdir. Valideyn imtahan prosesində iştirak etmək istəyirsə, öz şəxsiyyət vəsiqəsi və tələbənin valideyni olduğunu təsdiqləyən sənədlə müraciət etsə, məsələni yerindəcə həll edirik”.

Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...