“Qardaş Türkiyədə keçiriləcək seçkilər hər şeydən öncə Türkiyə xalqının milli iradəsinin siyasi qərarı kimi təzahür edəcək. Türkiyə xalqı kimə səs verəcəksə, əlbəttə, o da yeni hakimiyyəti formalaşdıracaq”.
Bunu Modern.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyədəki seçkilərlə bağlı Azərbaycanın mövqeyindən danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyənin hazırkı iqtidarı indiyədək çox böyük işlər görüb:
“Bu günə qədər qardaş Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) dövlətin güclənməsi, onun beynəlxalq münasibətlərdə nüfüzunun artması üçün çox böyük işlər görüb, Azərbaycanla münasibətlərdə tamamilə yeni səhifə açmağa nail olub. Eyni zamanda Türk dünyasının əldə etdiyi nailiyyət və uğurlar da Türkiyənin liderliyi ilə baş tutub. Türk Konseyinin Türk Dövlətləri Təşkilatına çevrilməsi, TÜRKPA-ya yeni üzvlərin daxil olması prosesi AKP hakimiyyəti dövründə reallaşıb. Qardaş ölkədə yeni hərbi sənayenin yaranması, ölkənin iqtisadiyyatının güclənməsi və bir çox məsələlər də AKP-nin adı ilə bağlıdır. Əlbəttə, Türk xalqı həmişə lider yetişdirməyi bacarıb. Əminik ki, hakimiyyətə kimin gəlməsinə baxmayaraq, bu ənənələr davam edəcək. Qardaş Türkiyə bundan sonra da öz inkişaf dövrünü yaşayacaq”.
H.Babaoğlu PKK-ya yaxınlığı ilə seçilən HDP-nin Türkiyə iqtidarına qarşı mübarizədə müxalifətin vahid namizədi olan CHP lideri Kamal Kılıçdaroğlunu dəstəkləməsinə də toxunub:
“Biz Türkiyə ilə bir millət, iki dövlət olsaq da, onun daxili işlərinə qarışmırıq. CHP ilə HDP-nin bir-birinə münasibəti, HDP-nin CHP-ni dəstəkləməsi onların siyasi sisteminin daxili problemləridir. Bütün hallarda biz güclü, bölünməz və Azərbaycanla əlaqələrə önəm verən Türkiyə istəyirik. Biz son 20 ildə, yəni AKP-nin hakimiyyəti dönəmində bu təcrübəni əyani şəkildə yaşamışıq. Bundan sonra da bu cür olmasını istəyirik”.
Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Ali kürsü uğrunda mübarizədə AKP iqtidarını hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, müxalif düşərgəni isə CHP lideri Kamal Kılıçdaroğlu təmsil edəcək.