Ötən gün “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda brifinq keçirilib. Tədbirdə ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı nazirlərinin müavinləri, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini iştirak ediblər.
"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov çıxışında deyib ki, Azərbaycanda içməli su maya dəyərindən aşağı satılır. Onun sözlərinə görə, tariflər normal olsa, "Azərsu" ASC daha rentabelli fəaliyyət göstərə bilər.
"Tariflərin gələcəkdə artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik", - deyə sədr müavini vurğulayıb.
"Suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir. Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər", - E.Məmmədov əlavə edib.
Suyun qiymətinin artırılacağı barədə xəbərlər geniş müzakirələrə səbəb olub və bir çox vətəndaşlar təkliflə razılaşmadıqlarını deyiblər.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hazırda ölkəmizdə su üçün tətbiq edilən tariflər normaldır:
“Suyun qiyməti kifayət qədər normaldır. Suyun qiymətinə bu yaxınlarda dəyişiklik etmişik. Ola bilər ki, qurum təmir işlərini yüksək səviyyədə apara bilmir. Ona görə də bu məsələyə baxmaq istəyirlər. Baxmaq lazımdır ki, “Azərsu” gəlirlə işləyir, yoxsa yox. Tarifləri qaldırmaq asan məsələdir. Amma bunun əhaliyə təsiri hansı səviyyədə və necə olacaq? Bunu düşünmək lazımdır”.
Deputatın sözlərinə görə, hazırda əsas məsələ su qıtlığı ilə əlaqədardır:
“Azərbaycanda bütün dünyada olduğu kimi su qıtlığı məsələsi var. Qıtlığı aradan qaldırmaq üçün insanlar iltizamlı olmalıdırlar. Əkin və həyatyanı sahələri suvarmaq kimi məsələlər tənzimlənməlidir. “Azərsu” ASC-nin sədr müavinin dediyində müəyyən qədər həqiqətlər var. Qurumun kifayət qədər xərcləri var. Dövlət büdcəsindən onlara maliyyə ayırırıq. Qiymət artımı birbaşa sosial məsələdir. Hazırda onsuz da qiymət artımı gedir. Bütün dünyada olduğu kimi Azərbaycanda da inflyasiya gedir. İndiki durumda qiymət artımının Azərbaycanda əhaliyə təsir etməməsinə çalışmaq lazımdır”.