Modern.az

Parlament jurnalistləri Milli Məclisin ən fəal komitəsini müəyyənləşdirdilər-SORĞU

Parlament jurnalistləri Milli Məclisin ən fəal komitəsini müəyyənləşdirdilər-SORĞU

10 İyun 2013, 15:03

Dördüncü çağırış Milli Məclisin daha bir yaz sessiyası geridə qaldı. Bu müddət ərzində ayda iki dəfədən az olmayaraq, keçirilən plenar iclaslar, eləcə də komitə iclasları bir çox maraqlı məqamları, əhəmiyyətli qanun layihələrinin müzakirəsi və qəbul edilməsi ilə yadda qaldı. Bəs Milli Məclisdə akkreditasiyalı jurnalistlər parlamentin yaz sessiyası dövründə hansı komitənin fəaliyyətini fəal hesab edib və o komitə hansı işlərlə yadda qalıb?

Modern.az parlament jurnalistlərindən münasibət öyrənməyə çalışıb.

“Lent.az”ın əməkdaşı Ramiz Cürənov parlamentin yaz sessiyası dövründə öz fəaliyyəti ilə seçilən Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət komitələrinin olduğunu deyib. “Xüsusilə eks-prezidentlərin statusu ilə bağlı qanunvericiliyə dəyişiklik etməsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklər nəticəsində inzibati həbs müddətinin uzadılması, qanunsuz aksiyalarla bağlı cərimələrin miqdarının artırılması daha yadda qalan olub”. 

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadovun fikrincə, bu sessiya dövründə əsas 4 komitə fəal olub. “Bunlar Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət və Regional məsələlər komitələridir. Bu komitələr yaz sessiyası dövründə daim qanun layihələri və ya qanunlara əlavə və dəyişikləri gündəmə gətirib, müzakirəyə çıxardıb. Bunların bir çoxu yaz sessiyası zamanı qəbul olunub. Fəaliyyətləri müddətində komitələr ölkə ictimaiyyəti üçün əhəmiyyətli olan, problemlərə toxunan məsələləri qaldırıblar. Ona görə bu 4 komitəni fəal hesab edirəm”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy komitə iclaslarında iştirak etmədiyi üçün bu haqda fikir bildirməkdən imtina edib.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu da yaz sessiyası zamanı ən aktiv komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olduğunu qeyd edib.
“Məclisdə müzakirə olunan qanun layihələrinin çoxunu bu komitə təqdim edib. Bir də Sosial siyasət komitəsinin layihələr təqdim etdiyinin şahidi olmuşam. Digər komitələrin işini passiv qiymətləndirərdim”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı isə Milli Məclisin komitələri arasında fəal və qeyri-fəal kimi fərq qoyulmasının tərəfdarı deyil.
“Sessiya dövründə hər komitənin üzərinə düşən vəzifələr var və onlar da bu işlərlə məşğuldurlar. Bu başqa məsələdir ki, komitələrin iş yükü baxımından müəyyən fərqlər olur. Bu mənada hesab edirəm ki, yaz sessiyası dövründə Hüquq siyasəti və dövlət quruculuğu, eyni zamanda sosial qanunvericiliklə məşğul olan komitələr Milli Məclisin müzakirəsinə daha çox layihələr təqdim ediblər. Ümumilikdə isə sessiya ərzində bütün komitələr öz üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetiriblər”.

Modern.az-ın əməkdaşı Elşad Eyvazlı bildirib ki, Milli Məclisdə müzakirə olunan sənədlər arasında sosial məsələlər daha çox diqqət çəkir.
“Bu mənada valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi və təhsilləri ilə bağlı müzakirə olunan sənədi müsbət qiymətləndirirəm. Sosial siyasət komitəsinin qaldırdığı məsələlər daha çox maraq doğurur. Onu da deyim ki, sessiya dövründə ən çox Hüquq siyasəti və dövlət quruculuğu komitəsi müzakirəyə ayrı-ayrı layihələr, müxtəlif qanunlara əlavə və dəyişikliklər çıxaran komitə oldu. Ona görə də ən fəal komitə kimi Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin adını çəkərdim. Xüsusilə komitə üzvü Azay Quliyevin ictimai iştirakçılıqla bağlı hazırladığı qanun layihəsi Azərbaycan üçün yenilikdir”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin yaz sessiyası zamanı fəal olduğunu vurğulayıb.
“Bir çox beynəlxalq təşkilatlar, ölkələrlə müqavilələr imzalanıb. Hüquqi cəhətdən maraqlı sənədlərə yeniliklər və dəyişiklər olub. Bundan əlavə, sosial sahəni əhatə edən qanunlar qəbul olunub. Amma düşünürəm ki, Hüquq siyasəti və dövlət quruculuğu, eyni zamanda Sosial siyasət komitələrində qəbulunu gözləyən çoxlu qanunlar var”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun fikrincə, Milli Məclisin yaz sessiyasında daha çox Hüquq siyasəti və dövlət quruculuğu komitəsi fəal, işgüzar olub.
“Demək olar ki, sessiya dövründə bütün plenar iclaslardan öncə bu komitənin iclasları keçirildi və hər plenar iclasa da ən azı 6-7 qanun layihəsi tövsiyə olundu. Xüsusilə, internetlə bağlı qanunvericiliyə dəyişiklik məsələsi daha çox yadda qaldı-çünki hələ də bu məsələ ciddi dartışma mövzusu olaraq qalmaqdadır. Şəxsən mən də həmin dəyişikliklərin lehinə deyiləm. Bundansa diffamasiya ilə bağlı layihəni çıxarıb qəbul etmək lazım idi. Amma bütün hallarda sözügedən komitənin və xüsusilə, komitə sədri Əli Hüseynlinin yaz sessiyası dövründə fəaliyyətini yüksək qiymətləndirirəm. Həmçinin bu sessiyada Sosial siyasət komitəsi və İqtisadi siyasət komitəsi də fərqləndi”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev də yaz sessiyasının ən fəal komitəsi kimi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin adını çəkib.
“Parlamentin qəbul etdiyi əsas səs-küylü və geniş müzakirə edilən qanun layihələri bu komitə tərəfindən təqdim edilib. Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qeyd etmək olar. Bir az konkretləşdirsək, internetdə təhqiri nəzərdə tutan yeniliklər, heyvanlara işgəncə verilməsi ilə bağlı cərimələrin sərtləşdirilməsi, eks-prezidentlərin hüquqları ilə bağlı yeniliklər və s. deyə bilərəm”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli Milli Məclisin yaz sessiyasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ən fəal və işgüzar komitə kimi yadda qaldığını vurğulayıb. “Demək olar ki, sessiya müddətində qəbul olunan qanun layihələrinin 90 faizi bu komitə tərəfindən təqdim olunub. Xüsusən Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsində edilən əlavə və dəyişikliklər ictimaiyyətin diqqət mərkəzində olub”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyevin fikrincə, hər sessiya olduğu kimi payız sessiyasında da Milli Məclisin ən fəal komitəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olub.
“Belə ki, komitənin öz iclasları, həm digər komitələrlə birgə keçirdiyi iclasların sayı digər komitələrə nisbətən daha çoxdur. Lakin bu həmin komitənin üzvlərinin aktivliyi, digər komitələrin passivliyi ilə əlaqələndirilə bilməz. Çünki, nəzərə almaq lazımdır ki, komitə üzvləri Azərbaycanın hüquq sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin ölkədə müxtəlif sahələrdə tətbiq olunan cərimələrin müasir reallıqlara uyğun artırılması istiqamətində işləyir və bunun hələ illərlə davam edəcəyi gözlənilir”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə hesab edir ki, yaz sessiyası dövründə ən fəal komitə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olub.
“Milli Məclisin yaz sessiyasında qəbul olunan qanunların, daha dəqiqi qanunlara əlavə və dəyişikliklərin böyük əksəriyyəti bu komitədən keçib. Düzdür, həmin layihələrin əksəriyyəti hazır şəkildə Prezident Administrasiyasından göndərilib. Prezident İlham Əliyevin imzası ilə qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən həmin layihələrə əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb, sonra milli Məclisdə müzakirəyə çıxarılıb”.

“Ann.az” saytının əməkdaşı Elkin Xəlilov öncə parlamentin komitə iclaslarından bir gənc jurnalist kimi narazılığını dilə gətirib.
“6 aya yaxındır jurnalist kimi Milli Məclisə akkreditasiya olunmuşam. Köhnə jurnalistlərə nisbətən təcrübəsizəm. Komitə iclaslarından demək olar, kənarda qalıram. Bir dəfə də olsun, əvvəlcədən kimsə komitə iclası olması haqda məlumat vermir. İclasın başlamasına yarım saat qalmış bəzi jurnalist həmkarlardan xəbər tuturam ki, bu gün filan komitənin iclası olacaq. Məcburi sürətdə iclaslara gedə bilmirəm. Burdan da xahiş edirəm, bu problemi aradan qaldırsınlar. Necə sessiyalar haqqında mətbuatda məlumat gedir, eləcə də komitə iclasları haqqında getməlidir. Ya Milli Məclisdə harasa yazıb vursunlar ya da mətbuata bu haqda məlumat versinlər ki, bizim də xəbərimiz olsun və komitə iclaslarında ofsayda düşməyək. Buna görə suala tam obyektiv cavab verə bilməyəcəyəm. Amma mətbuatdan oxuduğuma görə deyə bilərəm ki, ən aktiv komitə Sosial siyasət, Elm və təhsil komitələridir. Haqqında az məlumat eşitdiyim komitələr isə İnsan hüquqları və Rregional məsələlər komitələridir”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...