Modern.az

Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir

Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir

Parlament

17 Mart 2023, 14:16

Avropa Parlamentinin (AP) Avropa İttifaqı (Aİ) - Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnamə uzun illər boyunca ölkəmizə qarşı sərgilənən qərəzli, ikili standartlara söykənən selektiv münasibətin növbəti təzahürüdür. Sənədin ruhu bütövlükdə Ermənistanın destruktiv hakim dairələrinin, revanşist qüvvələrin  siyasi baxışlarının inikasıdır. Əks halda Avropa Parlamentinin ölkəmizə qarşı nifrəti, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu faciələrə, bəşəri cinayətlərə etinasızlığını nə ilə izah etmək olar? Görünür, Qərbdə Azərbaycanın tarixi Zəfərini, onu yaratdığı yeni geosiyasi reallıqları həzm edə bilməyən, bütün dünyanın şahidlik etdiyi tarixi həqiqətə göz yuman, obyektiv yanaşmadan uzaq bəzi qüvvələr hələ də ədalət və mənəviyyat anlayışlarını dərk edə bilmirlər və yaxud  bunu istəmirlər.

 

Martın 13-də Berlində Almaniyanın aparıcı şirkətləri ilə görüşdə ötən il Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandiumunun imzalandığını xatırladan Prezident İlham Əliyev Avropa Komissiyasının Azərbaycana etibarlı tərəfdaş kimi yüksək dəyər verdiyini vurğulamışdır. Bu baxımdan məhz bu məqamda AP-nin Azərbaycanla bağlı son qətnaməsi heç də anlaşılan deyil. Lakin digər tərəfdən, tarixi faktlar onu göstərir ki,  bu münasibət son illərin məhsulu deyil. Ölkəmizin inkişafına, getdikcə artan beynəlxalq nüfuzuna qısqanclıq hissindən doğan qərəzli yanaşma Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bəri formalaşıb.

 

Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasını ehtiva edən və  bu qurumun özünün nizamnaməsinə zidd  müddəaların əksini tapması bütövlükdə beynəlxalq hüquqa hörmətsizlikdir. Guya Laçın yolunun bağlanması və "humanitar fəlakət"in baş verməsi ilə bağlı rəsmi İrəvanın süni haray-həşirinə dəstək verməklə  Avropa Parlamentinin deputatları məsuliyyətsiz mövqelərini ortaya qoymuşlar. Korrupsiya girdabına bulaşmış, sifarişlə qərarlar verən AP bu davranışı ilə beynəlxalq erməni mafiyasının oyuncağı olduğunu bir daha nümayiş etdirmiş oldu.

 

Ölkə ictimaiyyəti heç bir real fakta söykənməyən, Azərbaycanın bölgədə sülh uğrunda səylərinə maneçilik törətməyə yönəlmiş bu əsassız və məsuliyyətsiz qətnaməni kəskin şəkildə qınayır və ona qətiyyətlə etiraz edir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində qətnaməyə dair aparılmış müzakirələr zamanı qəbul edilmiş bəyanatda bütövlükdə ölkə Parlamentinin bu məsələ ilə bağlı birmənalı mövqeyi ifadə olunmuşdur: "Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilib. Bu isə dərin məyusluq və hiddət doğurur".

 

Tamamilə məntiqlidir ki, beynəlxalq səviyyədə qəbul olunan qərarların obyektivliyinin təmin olunması yalnız qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoq və tərəfsizlik prinsipi əsasında mümkündür. Eyni zamanda, ümid edirik ki, ölkə rəhbərliyinin göstərdiyi ardıcıl səylər nəticəsində Azərbaycanın bölgədəki sülhsevər mövqeyi, dünyada baş verən qlobal hadisələr fonunda bütövlükdə Avropa üçün artan əhəmiyyəti prioritetlərin düzgün müəyyənləşdirilməsi üçün vacib şərt kimi dəyərləndiriləcək və son nəticədə Avropa İttifaqı - Azərbaycan münasibətlərində obyektiv  yanaşmaların formalaşmasına  mühüm töhfə olacaqdır.

 

Əli Hüseynli,

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti