Modern.az

Deputatlardan Türkiyəyə 100 milyonluq yardıma REAKSİYA – “Borcumuzdur...”

Deputatlardan Türkiyəyə 100 milyonluq yardıma REAKSİYA – “Borcumuzdur...”

21 Mart 2023, 12:13

Ötən gün Brüsseldə “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransı keçirilib. Konfransda ölkəmizi təmsil edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırıb.

 

Məlumata görə, Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək.

 

“Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, - XİN-in açıqlamasında qeyd olunub.

 

 

Azərbaycanın yardımına ilk reaksiya Türkiyənin Bakıdakı səfirindən gəlib. Diplomat Cahit Bağcı sosial şəbəkə hesabında paylaşım edərək, dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

 

"Avropa Komissiyası tərəfindən ölkəmizdə və Suriyadakı güclü zəlzələlərdən sonra təşkil olunan Beynəlxalq Donorlar Konfransında 100 milyon dollar ev, dövlət və təhsil binaları inşası üçün ianə verən can Azərbaycana və bütün donor ölkələrə təşəkkürümüzü bildiririk", - deyə səfir vurğulayıb.

 

Təsadüfi deyil ki, Türkiyədə baş verən dağıdıcı zəlzələdən dərhal sonra köməyə ilk yetişən ölkə məhz Azərbaycan olub və bu gün də dəstəyimiz davam edir. Zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar (940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5 300 tondan artıq humanitar yük) göndərib. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə isə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib.

 

Qardaş ölkəyə 100 milyonluq yardım barədə Modern.az-a danışan deputatlar Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını bildiriblər.

 

 

Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Azərbaycan həmişə köməyə ehtiyacı olanlara yardım əlini uzadır:

 

“Dövlətimiz və xalqımız xeyirxahdır. Darda qalanlara həmişə kömək edirik. Qardaş ölkəyə 100 milyon dollarlıq yardım ayrılmasını alqışlayıram. Yığılan vəsait yenidənqurma işlərinə sərf olunacaq. Bildiyimiz kimi, zəlzələ Türkiyəyə 104 milyard dollar ziyan vurub. Bunun altından çıxmaq çox çətindir. Suriyada ziyanın nə qədər olduğunu bilmirəm. Ancaq iki ölkəyə dəstək üçün yığılan 7 milyard az pul deyil. Azərbaycan hansı ölkədə zəlzələ və ya başqa hadisə olubsa, öz dəstəyini əsirgəməyib. İndi qardaşlarımızın köməyə ehtiyacı var. Biz ilk gündən Türkiyənin yanında olduq, bu gün də yanındayıq”.

 

 

Deputat Sabir Rüstəmxanlının sözlərinə görə, çətin günlərdə qardaş Türkiyəyə yardım göstərmək Azərbaycanın borcudur:

 

“Azərbaycanın qardaş Türkiyəyə dəstəyi təkcə bununla məhdudlaşmır, ölkəmiz başqa sahələrdə də öz dəstəyini göstərib. Türkiyə qardaş dövlətdir. Belə ağır gündə onun yanında olmaq bizim borcumuzdur”.

 

 

Milli Məclisin deputatı Vahid Əhmədov isə qeyd edib ki, hansı ölkədə problem olarsa, Azərbaycan köməyə yetişir.

 

“Azərbaycanın yardımı təkcə Türkiyə ilə əlaqədar deyil. Hansı ölkədə humanitar məsələlərlə bağlı problem olursa, Azərbaycan yardım əlini uzadır. Türkiyə bizim üçün xüsusi əhəmiyyət daşıyan qardaş ölkədir. Zəlzələ dövründə Azərbaycan Türkiyənin yanında oldu. Həm əhali, həm də dövlət yardım əlini uzatdı. Türkiyəni tək qoymadıq. Azərbaycanın ötən gün keçirilən Beynəlxalq Donorlar Konfransında Türkiyəyə 100 milyon dollar yardım ayırması humanist dəyərlərə verilən yüksək qiymətdir. Prezident və Birinci xanım bu məsələlərə xüsusi diqqət yetirirlər. Hansı ölkədə olmasına baxmayaraq, ciddi problem yaranırsa, ora yardım edilir. İranla münasibətlərimiz gərgin olsa da, orada baş verən zəlzələyə görə yardım etmək istədik. Ancaq imtina etdilər. Yardım etmək Azərbaycan üçün adi hal alıb”.

 

 

Deputat Ceyhun Məmmədov düşünür ki, Azərbaycanın Türkiyəyə yardımları qardaşlıq nümunəsidir:

 

“Brüsseldə Türkiyəyə dəstək məqsədilə beynəlxalq donorlar konfransının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Burada müəyyən qərarlar qəbul edildi. Həmin qərarlar olduqca vacibdir. Çünki bu gün həm Türkiyə, həm də Suriyada yaşayan 10 minlərlə insan hələ də zəlzələnin ağrı-acısını yaşayır. Azərbaycan ilk gündən Türkiyəyə çox ciddi yardımlar göstərib. Vətəndaşlarımızla yanaşı, qurumlar da bu prosesdə aktiv iştirak etdilər. Azərbaycan həmişə dünyamızı narahat edən məsələlərdə qlobal təşəbbüslərə böyük dəstək göstərib. Pandemiya zamanı cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə edilən yardımlar da bunun əyani sübutudur. Yəni Azərbaycan davamlı olaraq müxtəlif ölkələrə öz yardımlarını çatdırır. Bu çərçivədə Türkiyə və Suriya üçün 100 milyon dollar məbləğində yardım ayrılması humanistliyin, qlobal problemlərə biganə qalmamağın göstəricisidir. Əslində bu gün Azərbaycanın özünün də dəstəyə ehtiyacı var. Biz Qarabağda abadlıq-quruculuq işləri həyata keçiririk. Lakin belə məqamda da dostlarımıza, qardaşlarımıza kömək əlimizi uzadırıq. Bu, bizim milli-mənəvi dəyərlərimizdən, humanistliyimzdən irəli gəlir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır