Modern.az

"Milli Məclisdə davamiyyət normaldır" - AÇIQLAMA

"Milli Məclisdə davamiyyət normaldır" - AÇIQLAMA

13 İyun 2013, 10:49



Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov deputatların parlamentin yaz sessiyasındakı davamiyyəti ilə bağlı açıqlama verib. Komissiya sədri Modern.az saytına Milli Məclisin plenar iclaslarında iştirak etməyən deputatlardan danışıb.

S.Novruzovun sözlərinə görə, ümumilikdə deputatların yaz sessiyasının iclaslarındakı davamiyyəti normaldır.

“Deputatların Milli Məclisin iclaslarına davamiyyəti normaldır. Bilirsiniz ki, Milli Məclisin tədbirləri həddindən artıq çoxdur. Həm xarici səfərlər, həm beynəlxalq təşkilatların tədbirləri. NATO Parlament Assambleyası, Avropa Şurası, ATƏT, Avropa Parlamenti, o cümlədən digər təşkilatlarda qarşılıqlı dostluq qrupları ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.

Həmkarlarımız bu proseslərdə çox uğurla iştirak edirlər. Parlamentin iclaslarında həmişə minimum 100-dən çox deputat iştirak edib. Bəzi iclaslarda üzrlü səbəbdən iştirak etməyənlər olub. Onlar da ezamiyyətdə və digər işlərlə məşğul olduqları üçün iclaslara qatıla bilməyiblər. Ümumilikdə davamiyyət yaxşıdır”-deyə komissiya sədri bildirib.

S.Novruzovun fikrincə, Milli Məclisin iclaslarına ozbaşına qatılmayan deputat yoxdur.

“İclaslara icazəsiz qatılmayan deputatlar yoxdur. Çünki iclasa qatıla bilməyən millət vəkili bizimlə əlaqə saxlayıb, məlumat verir. Səbəbsiz yerə iclaslardan qalan deputatlarımız yoxdur”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...