Modern.az

Türk dünyasının qarşısında duran ƏSAS HƏDƏF

Türk dünyasının qarşısında duran ƏSAS HƏDƏF

Parlament

29 Mart 2023, 15:34

Gələn ay Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclası olacaq. İclas aprel ayının sonuna planlaşdırılır. 

 

Məlumata görə, plenar iclas Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. İclasda sədrlik Qırğızıstandan Türkiyəyə keçəcək. 

 

Məlumat üçün bildirək ki, TÜRKPA tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılmasına, türk dövlətləri və digər region dövlətlər arasında qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərməyə, tərəf ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin yaxınlaşdırılmasına xidmət edir.

 

TÜRKPA-nın növbəti sessiyası barədə Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, Türkdilli ölkələrin Parlament Assambleyası çağırışlara dərhal cavab verir:

 

"TÜRKPA-nın il ərzində ayrı-ayrı komitələrinin iclasları keçirilir. Hətta TÜRKPA-nın iki komissiyasının iclası Bakıda olub. Mənim üzv olduğum Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr komissiyasının iclası isə Türkiyədəki seçkilərlə əlaqədar onlayn keçib. Əhliman Əmiraslanovun sədri olduğu Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası üzv ölkələrin iştirakı ilə Bakıda baş tutub. Aprel ayının sonuna yaxın TÜRKPA-nın iclası olacaq. Getdikcə Türk dünyası üçün daha vacib məsələlər gündəmə gəlir. Güclü strukturlaşma, institutlaşma gedir.

 

TÜRKPA türk dünyası üçün önəmli təşkilatdır. Türk dövlətləri arasında nəinki ildən ilə, aydan-aya irəliyə yönəlik işlər görülür. Novruz bayramından əvvəl Şuşada planlaşdırlan Türk Dövlətlərinin Zirvə Toplantısı Ankarada keçirildi. İstər TDT, istərsə də TÜRKPA olsun, çağırışlara dərhal cavab verir. Cənab Prezident Şuşada keçirilməsi nəzərdə tutulan iclasla bağlı qardaş Türkiyədəki zəlzələni nəzərə alaraq, ona dəstək məqsədilə Türk dövlətlərinə müraciət etdi. Beləliklə, TDT zirvə toplantısı Ankarada baş tutdu. Orada çox önəmli məsələlər müzakirə olundu, vacib qərarlar qəbul olundu. Yəni TDT, TÜRKPA və ya TÜRKSOY - bunların hamısı vahid məqsədlə çıxış edir. Əsas amal türk dövlətlərinin inteqrasiyası və çıxışıdır".

 

 

Deputatın sözlərinə görə, hazırda TDT ölkələrinin qarşısında duran əsas hədəf Türk dünyasının gücləndirilməsidir:

 

"TDT-nin Zirvə toplantısında Prezidentimiz Türk dövlətlərinin qarşısında yeni məsələlər qaldırdı. Cənab Prezident qeyd etdi ki, Türk xalqları yalnız Türk dövlətlərində yaşamır. Könül coğrafiyamızda yerləşən türklər də var. Ölkə başçısı onu da diqqətə çatdırdı ki, 50 milyon azərbaycanlıdan yalnız 10 milyonu Azərbaycanda yaşayır. Bu, çox önəmli çağırış və hədəf idi. Bundan qabaq da cənab Prezident İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilməyəcəyimizi qeyd etmişdi. İndi bu məsələni TDT səviyyəsinə gətirdi. Bu, bizim üçün çox vacib addımdır. Hazırda görünən odur ki, Türk dövlətləri arasında sürətli inteqrasiya gedir, hədəf Türk dünyasının daha da güclənməsidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı