Ötən gün terror hücumuna məruz qalan deputat Fazil Mustafa hadisə ilə bağlı açıqlama verib. Deputat "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayevlə əlaqə saxlayaraq, terror aktının necə baş verməsindən danışıb.
Modern.az xəbər verir ki, F. Mustafa jurnalistə açıqlamasında bunları deyib: "Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım".
Deputatın sözlərinə görə, sonra qapını bağlayaraq təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram".
Fazil Mustafa möcüzə baş verdiyini əlavə edib: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.
Qeyd edək ki, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib.