Modern.az

Türkiyəli deputatlar Fazil Mustafaya qarşı terroru PİSLƏDİLƏR

Türkiyəli deputatlar Fazil Mustafaya qarşı terroru PİSLƏDİLƏR

Parlament

29 Mart 2023, 13:30

Milli Məclisin deputatı Fazil Mustafanın silahlı hücuma məruz qalması türkiyəli parlamentariləri də məyus edib. Bu barədə Modern.az-a danışan qardaş ölkənin millət vəkilləri Fazil Mustafaya qarşı sui-qəsd cəhdini qınadıqlarını bildiriblər. 

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) CHP-dən seçilən deputatı Uğur Bayraktutan bildirib ki, hadisəni törədən şəxslər ən ağır cəzaya məhkum edilməlidir:

 

“Millət vəkilinə qarşı hücumu şiddətlə qınayıram. Belə bir vəhşi əməli ancaq düşüncəsi olmayan və düşüncəyə hörmət etməyənlər törədə bilər. Qardaş Azərbaycanın parlament üzvünə edilən silahlı hücumu qınayır və lənətləyirəm. Bir daha qardaş ölkədən kədərli xəbər almamağı arzu edirəm. Azərbaycanda birinin əlinə tikan batsa, Türkiyədə bizim də canımız yanır. Millət vəkilinin vəziyyətinin yaxşı olmasına sevinirəm. Tezliklə sağlığına qovuşmasını arzu edirəm. İnanıram ki, hadisəni törədən şəxs və sifarişçilər ən qısa zamanda tapılaraq cəzalandırılacaqlar”, - deyə CHP-nin deputatı Fazil Mustafaya keçmiş olsun diləklərini çatdırıb.

 

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən seçilən deputat Şamil Ayrım isə hesab edir ki, bu cür hadisələr istər Türkiyədə, istərsə də Azərbaycanda demokratiyanın inkişafına mane olmaq məqsədilə törədilir.

 

“Fazil Mustafanın dünən başına gələn kədərli hadisədən xəbərdaram. O, Türkiyə-Azərbaycan dostluq qrupunun üzvüdür. Fazil Mustafa çox dəyərli yazar, düşüncələrini çox gözəl şəkildə ortaya qoyan bir şəxsdir. Onun hücuma məruz qalması barədə xəbər bizi kədərləndirdi. Ümid edirik ki, çirkin hücumun icraçıları tezliklə aşkar ediləcək. Bir daha belə hadisənin olmamasını arzulayırıq”.

 

 

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. 

 

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsi yoxdur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir