Prezident İlham Əliyevin martın 30-da imzaladığı fərmanla Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Nazirlər Kabinetinə beş ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Yeni yaradılan agentlikdən gözləntilər nələrdir? Su ilə bağlı problemlər aradan qaldırılacaqmı?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, yeni Agentlik gələcəkdə su ilə bağlı yarana biləcək problemlərin qarşısını alacaq:
“Bu gün baş verən iqlim dəyişikliyi fonunda Azərbaycanda su qıtlığı yarada biləcək halların qabaqcadan hesablanması məqsədilə Prezident tərəfindən fərman imzalanıb. Bu agentliyin yaranması təbii ki, qarşıda baş verəcək çətinliklərin önünü kəsmək üçün nəzərdə tutulub. Bizim ölkədə formalaşan su həcmi çox aşağıdır. Ortalama götürsək, yeraltı su mənbələrini nəzərə almasaq, yer səthindəki su ehtiyyatlarımız 25 milyard kub metrdir. Bunun təqribən 70-72 faizi transsərhəd sularıdır. Suyun səmərəli istifadə olunması və yeni baxışın yaradılması üçün belə bir agentliyə ehtiyac var idi. Cənab Prezident həmişəki kimi gələcək problemlərin qarşısını almaq üçün yeni strukturun yaranmasına qərar verdi”.
Komitə sədri hesab edir ki, yeni qurumun yaradılmasını tamamilə su qıtlığı ilə bağlamaq düzgün deyil:
“Azərbaycan elə bir ölkə deyil ki, konkret hadisə ilə bağlı agentlik yaradılsın. Vaxtında cənab Prezidentin uzaqgörənliyi sayəsində “Taxtakörpü” su anbarı tikildi. Bu anbar olmasaydı, bu gün Bakıda içməli su ilə bağlı ciddi problemlər yaranardı. "Şəmkirçay" su anbarının tikilməsi də öz növbəsində böyük faciələrin qarşısını aldı. "Samur-Bakı" su sistemlərinin yaradılması bunun tərkibi hissəsi idi. Dünyada gedən prosesləri Azərbaycan diqqətlə izləyir. Ölkə rəhbərliyi bu məsələyə kifayət qədər həssas yanaşır. Yeni qurum su probleminin Azərbaycana təsirini azaltmaq, yaxud sıfıra endirmək üçün yaradılıb. Hesab edirəm ki, qurum uğurlu nəticələri ilə Azərbaycan xalqına xidmət edəcək”.
Agentliyin fəaliyyət istiqamətləri nələr olacaq?
Komitə sədri suala cavabında deyib: “Agentlik hələ 5 ay sonra fəaliyyətə başlayacaq. Bu müddət ərzində onun strukturu formalaşmalıdır ki, siyasəti məlum olsun. Ümumilikdə, bununla bağlı kifayət qədər iş görülüb. Cənab Prezidentimizin 2035-ci ilə qədər dövlət planlarında su ilə bağlı həssaslığını nəzərə almalıyıq. Su həmişə diqqət mərkəzində olub. Bundan əvvəl əkin və suvarma sularına başqa bir idarə, içməli suya digər idarə nəzarət edirdi. Ümumilikdə bundan sonra su ilə bağlı işlər vahid mərkəzdən idarə olunacaq. Eyni zamanda investisiya da vahid mərkəzdən idarə olunmalıdır. Yeni texnologiyaların, avadanlıqların tətbiqi pərakəndə olmamalıdır. Qurum, həmçinin investorların cəlb olunmasına xüsusi şərait yarada bilər. Hər sahədə belədir. Su həyatdır, su insanın yaşaması üçün vacibdir. Hər bir məhsulun istehsalında elektrik enerjisi qədər suyun da payı var. Su bizim sağlamlığımızdır. Suyla bağlı problemlərin yaranması sağlamlığımıza ziyan vura bilər”.