“Deputat həmkarımız Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarının nəyəsə məcbur edilməsinə hesablanmış addım idi”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib.
O vurğulayıb ki, Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan, ictimai qayda və ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir.
"Kimdir bu xəyanətkarlar? İlk növbədə şərəfini, heysiyyatını İrana satanlar. Əbalı narkobaronların və əmmaməli terrororistlərin yuvası İran öz yerində, indi daxildəki əsas xəyanətkar qrup olan antimilli şura nə edir? Siz onların rəhbərlərinin birinin İranın bu mövqeyinə etirazlarını eşitmisizmi? Biri təqsirsizlik prizumpsiyasından danışır, digəri İranı, onun agentlərini günahsız çıxarmağa çalışır. Əminəm ki, bu xəyanətkarlar Fazil Mustafaya qarşı terrora görə qısa müddət ərzində saxlanılan şəxsləri yaxın günlərdə siyasi məhbus elan edib xəyali siyahılarını genişləndirəcəklər”, - deyə deputat bildirib.
"Fazil Mustafaya qarşı terror hücumunda təqsirli bilinən şəxslər ən qısa zamanda yaxalandı. Bu, hər kəsə, xüsusən də İranın Azərbaycandakı tör-töküntülərinə dərs oldu. Təbii ki, bu, son deyil, dövlət molla rejiminin Azərbaycandakı manqurtlarına, şəxsinə aid bəzi şeyləri Qumda buraxıb Tehranda axtaran dövlət düşmənlərinə münasibətdə əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam ediləcək", - parlamentari əlavə edib.
Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.